Soyqırım törədilməsinin əsas səbəbi Azərbaycanın müstəqilliyinin qarşını almaq, milli azadlıq mübarizəsini başsız qoymaq idi
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri
Suraxanı rayonu 146 №-li tam orta məktəbin direktoru
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan Çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir. Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləşdirirdi. Ermənilər də bu fürsətdən istifadə edərək, öz məkirli siyasətini həyata keçirmək üçün Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişlər. 1917-ci ildə noyabrda Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. Lenin daha sonra Şaumyanı Qafqaza xüsusi səlahiyyətli komissar təyin etdi. İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. 1918-ci ilin mart ayının ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir?” sualına – “Bu neft, işıq və enerjidir” – deyə cavab vermişdir.
Soyqırım törədilməsinin bir sıra səbəbləri və məqsədləri var idi. Bunlardan biri Azərbaycanın müstəqilliyinin qarşını almaq üçün bolşeviklərin əsas rəqibi olan Müsavatın sosial bazasını məhv etmək, milli qüvvələrə divan tutmaq, xalqın azadlıq mübarizəsini başsız qoymaq idi. Soyqırım törədilməsinin digər səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasın yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon əhalisinin, demək olar ki, 3 milyonu müsəlman idi.
S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını soyqırıma təhrik edirdi. Hücum üçün bəhanə lazım idi. Belə bir bəhanə “Evelina” gəmisindəki hərbiçilərin tərksilah edilməsi oldu. Martın 30-da Bakıda ilk atəş açıldı. Soyqırım xüsusi qəddarlıqla həyata keçirilirdi. Qüvvələr bərabər olmadığı üçün azərbaycanlılar döyüşü dayandırmalı oldular. Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də qırğınlar törədildi. Yalnız Bakıda 12 mindən artıq azərbaycanlı öldürülmüşdü. ABŞ kəşfiyyat mənbələrinə görə Cənubi Qafqazda 60 min Azərbaycan türkü qaçqına çevrilib. 420 müsəlman kəndi dağılıb.
Bütün olanlara baxmayaraq istəklərinə nail ola bilmədilər. Bu hadisələr istiqlal mübarizəsini dayandıran bilmədi. Mayın 28-də Azərbaycan xalqı müsəlman şərqində ilk dəfə olaraq Respublika idarə üsulu qurdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan höküməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan xalqı taleyinin və torpağının sahibi Cümhuriyyət höküməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə 1919 və 1920-ci illərdə Cümhuriyyət höküməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərman ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.
Erməni-daşnak və bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə qarşı ağır cinayətdir. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır.