Son oyunlar Azərbaycanın güclü idman dövləti olduğunu göstərir
Mələk Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda idman və Olimpiya sahəsində sistemli fəaliyyətə başlanmış və zamanla bu sahədə əsaslı dönüş yaranmışdır. Bunun nəticəsidir ki, hər Olimpiya Oyunlarında Azərbaycan idmançıları xalqımızı qürurlandıraraq vətənimizə çoxlu medallarla qayıtmışlar.
Hələ bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqli bir şəkildə təmsil edən idmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Nəticədə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında üçüncü yerə çıxmışdır. Qeyd edək ki, İslam Əməkdaşlıq təşkilatında 57 üzv ölkə vardır və bu baxımdan idmançılarımızın uğurları böyük nailiyyətdir.
Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini avqustun 14-də qəbul edərək qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə onlara ordenlər təqdim etmiş ,onlara yeni qələbələr və uğurlar arzulamışdır. Dövlət başçımız öz çıxışında bildirmişdir : ”Son oyunlar Azərbaycanın güclü idman dövləti olduğunu göstərir. Təsadüfi deyil ki,biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsi arasında yer almışıq.”
Xüsusilə qızıl medalçılarımızı - Hidayəti və Zelimi ürəkdən təbrik edən İlham Əliyev onu da qeyd etmişdir ki, bizim idmançılarımız beş idman növü üzrə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan - roma güləşi, sərbəst güləş üzrə. Bu da Azərbaycanda idmanın bir çox növlərinin inkişafının göstəricisidir.
İdmançılarımızın bu uğurları və dövlətimizin onlara göstərdiyi qayğı gənc nəsli idmana daha da həvəsləndirəcək və qələbənin ən vacib tərəflərindən biri də budur.