Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir

Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir
Elburus Xəlilov
Suraxanı Rayonu,Hövsan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Milli dövlətə mənsubluq tarixən həm də hər bir xalqın nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Bütün bunlar göstərir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu mühüm və vacib şərtlərdən biridir.
Dövlət başçısı cənab İlham Əliyevin xarici ölkələrə hər bir səfəri tarixi həqiqətlərimizin, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rola malikdir. Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur, dövrün əsas çağırışları dünya dövlətlərinə ölkəmizdən ünvanlanır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir imkanlarını artırır, söz sahibi kimi mövqeyini möhkəmləndirir.
Cari ilin 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə iqtisadi, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən dövlət başçısı bildirib ki, ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.
Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Bu məqam da önə çəkilir ki, əgər əvvəlki dövrlərdə deyilən məsələlər öz həllini tapmasaydı, Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.
Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildən çoxdur, Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin də məhz elektroenergetika sahəsindən başlanılıb. Cənab Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Ötən əsrin sonlarından etibarən, kifayət qədər mürəkkəb bir şəraitdə yenidən müstəqilliyini qazanan Azərbaycan dövləti bu gün, sözün əsl mənasında müstəqil siyasət yürüdən bir ölkədir. Həm ölkə daxilində, həm də Azərbaycanın digər dövlətlərlə ikitərəfli əlaqələrin olması və genişləndirilməsi onu deməyə əsas verir ki, dövlətimiz öz inkişaf yolunda düzgün şəkildə irəliləməkdədir. Son illər ərzində görülən işlərin miqyası, Azərbaycanın uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.