Son bir il ərzində əsrə bərabər işlər görülmüşdür

Bu gün əldə etdiyimiz qələbənin mənəvi və maddi miqyası və xalqımıza verə biləcəyi bəhrələrini biz yaxın və uzaq gələcəkdə görəcəyik. İndi hələ müharibəni başladığımız tarixdən cəmi bir il ötməkdədir.

Son bir il ərzində əsrə bərabər işlər görülmüşdür

Vüqar Seyidov,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Hər bir əzəmətli xalqın keçmişində qürur duyacağı, özündən sonrakı nəsillərə fəxarətlə ötürəcəyi şanlı tarixi vardır. Bizim müasir dövlətçilik tariximizin 30 yaşı tamam olur. Lakin qədim xalqın nümayəndəsi olaraq deyə bilərəm ki, ən böyük zəfərlərimiz, ən böyük uğurlarımız məhz 30 illik müasir müstəqillik dövrünə, daha dəqiq desək, 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Müstəqilliyimizin ilk illərində həm obyektiv, həm də subyektiv səbəblərdən xalqımızı çətin vəziyyətdə qoyan bir çox məsələlər olub ki, biz uzun illər onların həlli ilə məşğul olmuşuq. İqtisadi, siyasi, humanitar və ərazi bütövlüyümüzün itirilməsi ilə bağlı meqa səviyyədə olan problemlər bizim mübarizə əzmimizi qıra bilməmişdir.

Sovetlər İttifaqının dağılması labüd hadisə və təbii proses idi. Bizimlə yanaşı 14 ittifaq dövləti bu könülsüz birlikdən onsuz da çıxacaqdı. Lakin ən böyük fiziki, maddi və mənəvi xəsarəti məhz Azəbaycan xalqı almışdır. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. 20 Yanvar hadisəsi, daha sonra Xocalı soyqırımı və nəhayət torpaqlarımızın 20 faizinin işğal olunması ilə həm xalqımıza, həm də dövlətçiliyimizə ciddi zərbə dəymiş oldu. İkili standartlar, bir milyona yaxın qaçqın və məcburi köçkünlərin əlavə problemləri, dövlətin boşaldılmış büdcəsi və digər qayğılar vaxtı ilə gözdağı kimi görünürdü. Hətta cəmiyyətin bir çox üzvləri torpaqlarımızın qaytarılması ilə bağlı ümidlərini tamamilə itirmişdilər. Amma dövlət və dövlət başçısı nəyi, nə vaxt və necə edəcəyini bilirdi. Məhz bu amil bizim qələbəmizi gerçəkləşdirən əsas məqam idi.

Cənab Prezident İlham Əliyevin tarixi bir ifadəsi vardır. Möhtərəm Prezident söyləyir ki, zaman dəyişir, lakin erməni vəhşiliyi dəyişmir. Bu, tarixi zərürətdən yaranmış bir sözdür. 30 ilə yaxın davam edən işğal prosesi bitdikdən sonra hər birimizə erməni vandalizminin  həqiqi siması məlum olmuşdur. Onlar nə insanlara, nə insanlığa, nə də insanlığın yaratmış olduğu mədəniyyət nümunələrinə hörmət etməyi bacarmadılar. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, dünya birliyi və dünyanı idarə edən qüvvələr bilərəkdən bu ədalətsizliyə dözdülər. BMT-nin qətnamələrinin icra olunmaması, ATƏT-in Minsk qrupunun öz səlahiyyətləri çərçivəsində sülh yarada bilməməsi ədalətsiz yanaşmaların nəticələri idi. Azərbaycan hər zaman dözümlü və beynəlxalq qanunlara qarşı hörmətlə yanaşmışdır. Lakin bu, o demek deyil idi ki, Azərbaycan başına gətirilən müsibətlərə qarşı dözümlü olacaqdır və olmadı da! Dövlət başçısının 2003-cü ildə ilk Prezident kimi bəyanatı məhz torpaqlarımızın işğaldan azad olunması ilə bağlı olub. O, bütün çıxışlarında bildirmişdir ki, xalqımız heç vaxt işğal faktı ilə barışmayacaqdır.

Əlbəttə, müharibəyə qədər dövr hər kəsə məlumdur. Dağılmış bir ordunu yenidən bərpa edərək kadr potensialını gücləndirməklə yanaşı, biz xalqımızda milli ruhun, mənəvi dəyərlərin aşılanması işinin təşkilində əvəzsiz xidmət göstərmişik. Bir xalq olaraq Ali Baş Komandanın ətrafında həm ölkə daxilində, həm də ölkə xaricində böyük töhfələr verilmişdir. Dostlarımızın sayı artmış, bizə qarşı sərt mövqeyi ilə seçilən dövlətlər, təşkilatlar və qurumlar neytrallaşdırılmışdır. Hərbi quruculuq işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindən olmuşdur və indi də elədir. Azərbaycan Ordusu bölgədə hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır.

Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə neytral yanaşanlar birmənalı bizi dəstəkləməyə başlamışlar. Müxtəlif sferalarda, fərqli tribunalarda xalqımıza qarşı ədalətsizliyə son verilməsi üçün həyata ciddi işlər keçirilmişdir. Biz son ana qədər sülhsevər mövqeyimizi tərk etməmişik. Axırıncı məqama qədər müharibəyə qarşı mübarizə aparmışıq. Lakin öz suveren hüquqlarımızdan istifadə haqqını da hər zaman qoruyub saxlamışıq.

44 günlük Vətən Müharibəsi haqqında çox yazılıb, çox danışılıb. Hesab edirəm ki, müzəffər və qalib xalqımız bununla bağlı qəhrəmanlıq dastanları yazmış oğulların xatirəsini yaşatmaq üçün böyük işlər görəcəkdir. Lakin ən böyük qəhrəman olan Ali Baş Komandan hər gün daha çox qayğı və diqqətlə müharibə iştirakçıları, qazilər və şəhid ailələrini əhatə etməkdədir. Bilirsinizmi, əsrlərdir ki, vətən uğrunda canından keçənlər, ülvi amallar uğruna həyatlarını qurban verənlər şəhid adlanmışlar. Lakin son bir ildə bu qəbildən olan həssas təbəqə nümayəndələrinə qarşı göstərilən ali diqqət və müstəsna qayğı ölçüyə gəlməzdir. Son bir il ərzində əsrə bərabər işlər görülmüşdür.

Bu gün əldə etdiyimiz qələbənin mənəvi və maddi miqyası və xalqımıza verə biləcəyi bəhrələrini biz yaxın və uzaq gələcəkdə görəcəyik. İndi hələ müharibəni başladığımız tarixdən cəmi bir il ötməkdədir. Tarixdə bu qədər tez bitmiş və bitdikdən sonra fəsadları qısa zamanda aradan qaldırılmış müharibə yəqin ki, yoxdur. Artıq azad olunmuş şəhər və rayonların baş planları belə hazırdır. Bu, belə müharibədən sonra görülən işlərin miqyası ilə bağlı söz deməyi, müqayisələr aparmağı asanlaşdırır. Zəngilan və Laçın hava limanlarının bünövrələrinin qoyulması, Füzuli hava limanın istifadəyə verilməsi isə bərpa prosesinin necə böyük əzəmətə malik olduğunun əyani sübutudur. Axı, müharibənin üzərindən bir il bu günlərdə ötəcəkdir. Bu qədər böyük həvəs, arzu, istək və əlbəttə malik olduğumuz iqtisadi potensiallar ötən bir il ərzində bərpa işlərinin miqyasını artırmışdır.

Vətən Müharibəsi ərəfəsində və daha sonrasında diqqət çəkən başqa bir məqam da ölkə başçısının dünya mediayasına verdiyi müsahibələr olmuşdur. Dünya liderlərinin ana dillərində özlərini çətinliklə ifadə etdikləri bir halda, cənab Prezidentin dünyanın müxtəlif dillərində həqiqətlərimizi dünya birliyinə çatdırması ötən bir il ərzində dünyanın diqqətini cəlb etdi. İndi dünya birliyi və dünyada yaşayan insanlar başa düşürlər ki, Azərbaycan həm haqlıdır, həm də güclü. Dövlətimizin müasir mənzərəsi və dövlət başçımızın modern dünya liderləri kimi məsələlərə baxış bucağı hər kəs tərəfindən təqdirlə qarşılanır.

Heç şübhəsiz, ötən bir ilin ən maraqlı məqamlarından biri də “Hərbi Qənimətlər Parkı” olmuşdur. Zəfər yürüşü zamanı əldə etdiyimiz hərbi qənimətlər bir neçə suala özlüyündə cavab tapa bilmişdir. Ermənistan ordusunun məğlubedilməzliyi barədə yayılmış yalançı miflər darmadağın edilmiş oldu. Ermənistanı pulsuz silahlandıranlara bir məsələ da aydın oldu ki, hikmət yalnız silahda deyil, onu tutan əldədir. Milyardlarla dollarlıq silah-sursatı döyüş  meydanında qoyub qaçan bir ordu məğrur və qalib hesab oluna bilməz. Onları maliyyələşdirmək, silahlandırmaq isə ağılsızlıq göstəricisidir.

Müharibədən öncə, ərəfəsində və sonrakı bir il ərzində Azərbaycan xalqı özünü milli dərkin zirvəsini yaşamış oldu. Xüsusən də işğal olunmuş torpaqlarda heç vaxt işğal faktı ilə bağlı olmamış övladlarımız ərazi bütövlüyümüzün təminatı üçün canları bahasına mübarizə aparmışlar. Vahid komandanlıq və milli birlik sayəsində xalqımız dəmir yumruğun ətrafında birləşərək ən ali məqsədə çatmağa nail oldu. İndi ölkəmizdə dinindən, dilindən, siyasi və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş şəhid, qazi anlayışlarına yüksək diqqətlə yanaşır. Onların xatirələrinin anılması istiqamətində istər fərd, istərsə də cəmiyyət olaraq geniş işlər görülür.

Ötən bir il yaxşı mənada xəyal, röya və nağıl kimi şirin və çox sürətli ötmüş hadisələrlə yadda qalmışdır. Xəyalları əzmlə, böyük mübarizə bahasına həyata keçirən oğul və qızlarımıza eşq olsun! Allah dövlətimizi, müzəffər Ali Baş Komandanı və rəşadətli ordumuzu qorusun! Allah qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət eləsin!