Dövlət başçısı Azərbaycan - Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib

Dövlət başçısı Azərbaycan - Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib

Yusif İbrahimov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Cənab Prezident İlham Əliyevin Komandanlığı ilə Rəşadətli Ordumuz döyüş meydanında Ermənistana tarixinin ən acınacaqlı məğlubiyyətini yaşatdı. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbələri ilə nəticələndi. Döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə işğalçı ordu darmadağın edildi. Ən müasir döyüş üsulları ilə əks-hücum əməliyyatları həyata keçirən ordumuzun gücü qarşısında düşmən tamamilə aciz qaldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğaldan azad olunub, Tərtər və Xocavənd istiqamətlərində işğalçının mövqeləri yarılaraq yaşayış məntəqələri düşmənlərdən təmizləndi.  Azərbaycan torpaqlarını işğaldan güc yolu ilə azad etməyə başladıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəldi.

Məlumdur ki, dünyada ikili standartların, hegemonluq iddialarının, sivilizasiyalararası problemlərin olduğu bir vaxtda öz hüquqlarını güc yolu ilə təmin etmək asan məsələ deyil. Lakin Azərbaycan bunu bacardı. Ali Baş Komandan İlham Əliyev özünün müdrik siyasəti ilə danışıqlardan imtina edən, torpaqlarımızın işğalından əl çəkmək istəməyən Ermənistanı güc yolu ilə cəzalandırmağa, onu qədim yurd yerlərimizdən qovub çıxarmağa nail oldu .

Bu gün beynəlxalq ictimaiyyətin marağı öz qətiyyəti ilə dünyaya səs salan, işğalçı Ermənistana tarixin ən gözəl dərsini verən Azərbaycandır. Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsi şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Çıxışında həmçinin  Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan - Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib.

Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Szinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. 

Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Cənab Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın daxili və xarici siyasətinin aydın xəttini, strateji hədəflərini və uğurlarını bir daha təsdiqlədi. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və müstəqil siyasət kursu, ölkənin iqtisadi və sosial sahədə daha böyük nailiyyətlər əldə etməsinə zəmin yaradır.