Siyasi dialoq demokratiyanın əsas tərkib hissəsidir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
XXI əsr radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişiklikləri özündə əks etdirən qloballaşma əsri kimi daxil olmuşdur. Ümumdünya inteqrasiya və qloballaşma cərəyanları müstəqilliyini yenicə qazanmış Azərbaycanın daxili və xarici siyasətinə də öz təsirini göstərmişdir. Belə ki, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə ölkə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedərək qloballaşma prosesində fəal iştirak etməyə başlamışdır. Ancaq o dövrdə dövlətə başçılıq edən rəhbərlərin səriştəsizliyi nəticəsində ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış və ölkə idarəolunmaz vəziyyətə düşmüşdür.
Xalqın istəyi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa bir zamanda ölkədə daxili ictimai - siyasi sabitlik yaradılaraq əsaslı islahatlar aparıldı. Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə parçalanaraq dünya xəritəsindən silinmə kabusundan qurtarıldı. Milli yaddaşımıza əbədi olaraq həkk olunan 15 iyun 1993-cü il Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi ilə ölkədə demokratiyanın və qanunçuluğun əsası qoyuldu.
Demokratiya ölkənin inkişafına təkan verməklə bərabər cəmiyyətdə siyasi və sosial yönümlü ziddiyyətlərin aradan qaldırılması üçün əsas amillərdən biridir. Ulu Öndər Heydər Əliyev hakimiyyət illərində demokratiyanı ölkənin əsas strateji kursu seçmiş və bu istiqamətdə islahatların aparılmasına nail olmuşdur. Demokratiyanı dövlət siyasətinin əsası sayan Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ulu Öndər yaxşı anlayırdı ki, məhz demokratik təsisatları təmin etməklə xalqa daha yaxın olmaq olar. Bu ənənə bu gündə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam edir.
Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirilər, onları diqqətə çatdırırlar və bu çox müsbət haldır. Ancaq eyni zamanda bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır. Bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
Bütün siyasi partiyaların iştirakçıları cəlb edilməklə “Siyasi partiyalar haqqında” qanunun hazırlanması və qüvvəyə minməsi iqtidarın demokratik prinsiplərə yüksək səviyyədə riayət etməsinin bariz nümunəsidir. “Siyasi partiyalar haqqında” qanun formalaşan yeni siyasi konfiqurasiyasını yaratmaqla siyasi dialoqu atributiv müstəvidən qarşılıqlı əməkdaşlıq müstəvisinə çıxardan ali siyasi iradənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət etmək deməkdir.
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Siyasi dialoq demokratiyanın əsas tərkib hissəsidir. Belə ki, demokratik ölkədə vətəndaş qanunvericiliyə uyğun olaraq öz haqlarından istifadə etməklə fikirlərini açıq bir şəkildə ifadə etmək hüququna sahibdir. Eyni zamanda müxalifətin də iqtidarla razılaşmamaq, fikirlərini açıq şəkildə bildirmək və hər hansı bir təşəbbüslə çıxış etmək hüququ vardır. Bu nüanslar “Siyasi partiyalar haqqında” qanunda öz əksini tapmışdır.
Demokratiyanı təmin etməklə ölkədə söz azadlığını təmin etmək olar. Dialoq mühitinin yaradılması ilə bəzi yaranan qüsurları vaxtında və operativ şəkildə aradan qaldırmaq olar. Bu da xalqda dövlətə və dövlətçiliyə qarşı inam hisslərinin gücləndirir.
44 günlük Müharibə zamanı milli maraqlar üçün bütün siyasi təşkilatların bir araya gəlməsinin vacib olduğu bir daha özünü göstərdi. Əks təqdirdə həm daxili, həm də xarici siyasətdə ölkə güc qazana bilməz.
Fəxrlə demək olar ki, bu gün təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan əsası demokratik təssisatlara dayanan bir ölkə kimi dünyada tanınmaqdadır.