Şanlı qələbələrlə başlayan yeni dövr möhtəşəm uğurlarla davam edəcək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın seçicilərlə görüşü keçirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Deputatlığa namizəd Sevinc Fətəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. “Bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynamış Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafına - mühüm nailiyyətlərin əldə edilməsi və yeni hədəflərin reallaşmasına layiqli töhfələr verəcəkdir. Şanlı qələbələrlə başlayan yeni dövr möhtəşəm uğurlarla davam edəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Görüşdə təşviqat qrupunun üzvü Arif Babayev, gənc partiya fəalı Məhəmmədəli İsmayılov, seçici Leyla Bağırova və digərləri çıxış edərək YAP-ın daim xalqın mənafeyini qoruduğunu söyləyiblər. “Yeni Azərbaycan Partiyası ölkəmizə yeni qələbələr qazandıracaq”, - deyə vurğulanıb.