Sağlam gənc nəsil milli təhlükəsizliyin, iqtisadi tərəqqinin və mənəvi saflığın təməlidir
Bəhmən Məmmədov
Hövsan QİƏD Üzrə Nümayəndəsinin müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış edərək ölkəmizdə idmanın inkişafı, idmançıların beynəlxalq arenalarda qazandığı nailiyyətlər və dövlətin bu sahəyə göstərdiyi davamlı diqqət və qayğı barədə ətraflı fikirlərini bölüşmüşdür.
Çıxış zamanı dövlət başçısı gənclərin sağlam ruhda yetişməsində idmanın rolunu xüsusi vurğulamış, idmanın təkcə fiziki hazırlıq deyil, eyni zamanda vətənpərvərlik, intizam və mübarizlik məktəbi olduğunu bildirmişdir. Prezident İlham Əliyev idmançıları yeni qələbələrə səsləmiş, məşqçilərə, federasiya rəhbərlərinə və idman ictimaiyyətinə təşəkkürünü ifadə etmişdir.
Sağlam gənc nəsil hər bir dövlətin milli təhlükəsizliyinin, iqtisadi tərəqqisinin və mənəvi saflığının təməl daşıdır. Müasir dünyada ölkənin rəqabət qabiliyyəti təkcə onun təbii sərvətləri ilə deyil, həm də həmin ölkəni idarə edəcək və inkişaf etdirəcək insanların fiziki və intellektual potensialı ilə ölçülür. Azərbaycanda gənclər siyasəti dövlətin ən mühüm prioritetlərindən biridir. Dövlət proqramları çərçivəsində idman komplekslərinin tikilməsi, gənclərin zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm) uzaq tutulması üçün maarifləndirmə işlərinin aparılması və gənc ailələrə göstərilən qayğı məhz sağlam nəslin formalaşmasına xidmət edir. Sağlam nəsil həm də milli-mənəvi dəyərlərə sadiq, yüksək etik normalara malik olan gənclikdir.
Gənclərin asudə vaxtının düzgün təşkili, onların kitaba, incəsənətə və idmana yönləndirilməsi cəmiyyəti mənəvi aşınmadan qoruyur. Gənclik bir millətin enerjisidir. Əgər bu enerji sağlam məcrada istifadə olunarsa, ölkənin gələcəyi parlaq və sarsılmaz olar. Hər bir gənc anlamalıdır ki, öz sağlamlığının qayğısına qalmaqla o, həm də öz dövlətinin gələcəyinə xidmət edir. Sağlam gənclik parlaq sabahın ən böyük rəhnidir. Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında xüsusi yer tutan məsələlərdən biri də sağlam gənc nəslin formalaşdırılmasıdır.
Sonda Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafının bundan sonra da dövlətin prioritet istiqamətlərindən biri olacağını bildirərək, idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.