Dadaş Babazadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İƏT, MDB, TÜRKSOY, TDT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər. Bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
“Şət plyus” formatında keçirilən Sammitdə 16 ölkənin dövlət və hökümət başçıları iştirak edib. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı sayca ikincidir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi-davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökümət başçıları siyası, iqtisadi, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair mövzular geniş müzakirə olunmuşdur. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremenizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyən edilib.