Şəhid Fərid Hüseynzadə doğum günündə ehtiramla yad edilib
18 may Vətən Müharibəsi şəhidi Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, 79 və 279 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivi şəhid Fərid Hüseynzadənin Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.
Ziyarət əsnasında YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Azərbaycan öz tarixi torpaqlarını Fərid kimi mərd, cəsarətli, canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.