Səfər çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi diqqət mərkəzində olub
Nurəngiz Şəkərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 149 saylı körpələr evi- uşaq bağçasının müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi də diqqət mərkəzində olub. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün mövcud potensialın daha səmərəli istifadəsi iki ölkənin qarşıdakı dövr üçün əsas prioritetlərindəndir.
Humanitar sahədə əməkdaşlıq da Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, incəsənət və turizm sahələrində əlaqələrin genişləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri olan dost və tərəfdaş dövlətlərlə münasibətlərin ardıcıl inkişaf etdirilməsinin növbəti nümunəsidir. Səfərin nəticələri iki ölkə arasında mövcud əməkdaşlığın yeni layihələrlə zənginləşdirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Səfərin əsas xüsusiyyətlərindən biri iki ölkənin siyasi iradəsinin və strateji tərəfdaşlığının daha da gücləndirilməsinə yönəlmiş müzakirələrin aparılmasıdır. Azərbaycan və Özbəkistan beynəlxalq və regional məsələlərdə bir-birinin mövqelərinə hörmətlə yanaşır, qarşılıqlı dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirirlər.
Xatırlatmaq yerinə düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.
Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.