Rusiya - Azərbaycan münasibətlərinin yaxınlaşmasına qısqanclıqla yanaşanlar
Hamımızın ətrafında mütləq elə insanlar vardır ki, sadəcə danışmaq naminə danışır, səs olsun deyə nə isə deyir. İnanın, bir çox halda heç mahiyyətinə varmırlar ki, nə üçün və niyə danışırlar. Sadəcə danışırlar. Özü də belə insanlar üçün mövzunun da heç bir əhəmiyyəti yoxdur. Hər mövzuda "dərin düşüncə"yə malik olan bu adamların yeni mövzusu Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamədir. 40 maddədən çox məsələni özündə ehtiva edən bəyanamənin heç beş maddəsini ardıcıl oxumadıqları halda politoloq olan kim, siyasi şərh verən kimi, özünü diplomat kimi aparan kim. Xüsusiilə Qərbi Avropada və ABŞ-da yaşayan müxtəlif səbəblərdən ölkəsindən üz çevirmiş adamlar və ölkə daxilində öz siyasi karyeralarını meydan təfəkkürünə qurban vermişlər Rusiya – Azərbaycan münasibətlərinin yaxınlaşmasına qısqanclıqla yanaşırlar. Məqsəd aydındır. Azərbaycan bu yaxınlaşmadan ciddi dividentlər əldə edəcək, onları maliyyələşdərən ölkələr isə kənarda qalacaqlar.
Rusiya ilə Azərbaycanın yaxınlaşması və daha da isti münasibətlər yaratması regionda yalnız Rusiyanın gücünü artırmayacaq. Rusiya bu bəyannaməyə qədər də güclü dövlət idi və güclü dövlətdir. Əksinə Azərbaycan bu kimi ciddi sənədlərin imzalanması ilə hər gün bir az daha regional və dünyəvi aktora çevrilir. Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan bütün yolları, əlaqələri acaraq yeni bazarların aktivləşməsinə səbəb olacaq. Hər nə qədər istəməsələr də, qarşı çıxsalar da, bu halla barışmalıdırlar.
Əlbəttə, 40 maddədən artıq tarixi sənədi bir yazıda şərh etmək niyyətində deyiləm. Lakin onu bildirim ki, sənəd hazırlanarkən beynəlxalq hüquq və beynəlxalq siyasətin bütün normaları gözlənilib. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Azərbaycan bütün qarşılıqlı münasibətlərində beynəlxalq hüquq normalarını ön plana çəkdiyi kimi bu dəfə də eyni prizmadan yanaşır.
Dəfələrlə həyata keçirdiyimiz layihələrdə göstəmişik ki, Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra balanslaşdırılmış siyasət nəticəsində biz öz müstəqilliyimizi qoruyub saxlamışıq, ərazi bütövlüyümüz təmin etmişik. Müstəqilliyimizi itirmək təhlükəsində olduğumuzu o günləri kimsə unutmamalıdır.
Rusiya bizim əzəli və əbədi qonşumuzdur. Vətən mənzil deyil ki, köçüb başqa qonşularla yaşayasan. Məhz bu səbəbdən regionumuzda yeni reallıqlar yaradaraq sülh, əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr qurmağa çalışırıq.
Regionda yeni reallıqlar fövqündə üç dövlət, əsas aktor vardır ki, onların qarşılıqlı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan müharibədən dərhal sonra Türkiyə ilə “Şuşa Bəyannaməsini” imzaladı. İndi isə Rusiya ilə mütəffiqlik aktını imzalamaqla münasibətlərimizin yeni mərhələsinə qədəm qoyduq. Mən çox istərdim ki, oxucular regionda, Şərqi Avropada baş verən hadisələri diqqətlə izləsinlər. Əlbəttə, bizim öz siyasi xəttimiz var. Ukrayna ilə bağlı öz mövqeyimiz var və bu dəyişilməzdir. Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən qaynar fazada Kiyev səfəri də gələcəkdə gərginləşəcək hər hansı bir vəziyyətdə sülhyaratma fəaliyyəti ilə məşğul ola biləcəyimizə işarə idi. Lakin bu müqavilənin heç bir digər amillə əlaqəsi yoxdur. Ona qalsa Rusiya-Gürcüstan münasibətləri bəllidir. Biz isə Gürcüstanla mütəffiqliyə davam edirik. Rusiya ilə münasibətlər Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirməyib. Necə ki, imzalanan Bəyanat da Ukrayna-Azərbaycan əlaqələrinə xələl gətirməyəcək. Biz indiki məqamda hər şeydən çox, hər şeydən qabaq milli maraqlarımıza söykənən siyasət yürütməliyik.
Mən Rusiyanın zəifləməsi və yaxud da özünə müttəfiq axtarması fikri ilə də razı deyiləm. Hadisələr sübut edir ki, əksinə Rusiya böyük bir “Qərb cəbhəsini” real fakt qarşısında qoya bilmişdir. Siyasət mütləq elm deyildir. Hər kəs özünü haqlı yaxud da qarşı tərəfi haqsız hesab edə bilər. Rusiya sərhədlərində ona qarşı çevirilmiş hər hansı təhlükəni istəməyə bilər. Bu, onun haqqıdır. Ukrayna da özünü qorumaq üçün NATO-ya sığına bilər. Bu da, onun haqqıdır. Bizim Rusiya ilə münasibətlərimiz heç bir başqa dövlətə və yaxud da birliyə, təşkilata qarşı deyildir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi ikili əməkdaşlıqlara daha çox üstünlük verməkdədir. Azərbaycan məhz hər hansı ittifaqı nəzərdə tutan inteqrasiya proseslərinə qoşulmadığına görə Rusiya ilə ikitərəfli sənəd imzalanır. Avropa İitifaqı ilə münasibətlərdə də eyni vəziyyəti müşahidə edirik. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramına deyil, ikitərəfli sazişin bağlanmasına üstünlük verdi.
Sülhməramlılar və onların fəaliyyəti Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında tam yeni bir səhifədir. Sülhməramlıların nəzarəti altında olan ərazilərdə 30 il müharibə şəraitində yaşayan iki xalqın münasibətlərinin kəskinliyini nəzərə alsaq deməliyəm ki, baş verən hadisələri ciddi, narahat edici adlandırmaq olmaz. İnsanları narahat edən bir məqam da ondan ibarətdir ki, bu yeni bəyanat rus sülhməramlılarının ölkəmizdə qalma müddətini artırarmı? Hətta bəzi ağzı göyçəklər bu məqamdan təəssüf ki, süi-istifadə də edirlər. Cəmiyyəti çaşdırmağa çalışırlar. Qeyd edilməliyəm ki, sülhməramlılarla bağlı məsələlər Rusiya-Azərbaycan müttəfiqlik aktında qeyd olunmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9-10 noyabr 2020-ci il tarixli bəyanatı məhz bununla bağlıdır. 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəaları da bu məsələnin həyata keçirilməsinə yönəlib. Rusiya ilə münasibətlərin dərinləşməsi isə sülhyaratma səylərinə bundan sonra da hər cür dəstək verilməsinə kömək edəcəkdir.
Bəzi məsələlərdən hali olmayanlara, yalançı internet kanallarındansa Türkiyə mətbuatını izləməyi məsləhət görürəm. Yanlışlığa qapılıb “Şuşa Bəyannaməsi” ilə “Moskva Bəyannamələrini eyniləşdirənlər, ziddiyyət təşkil edir, onu kölgədə qoyur, Azərbaycan Türkiyə ilə əvvəlki münasibətlərindən geri çəkilir deyənlər ya məlumatsız, və yaxud da qərəzli adamlardır. Belə ki, Türkiyə mətbuatında yayılan məlumatlar bir daha təsdiq edir ki, “Moskva Bəyannaməsi” məhz Türkiyənin məlumatı daxilində hazırlanmışdır. Yəni, bədxahların bu iddiaları da özünü doğrultmadı. Məlumat üçün deyim ki, “Şuşa Bəyannaməsi” ilə “Moskva Bəyannaməsi” arasında çox ciddi fərqlər vardır. “Şuşa Bəyannaməsi” “Azərbaycan Respublikası ilə Türkiyə Reaspublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, digəri isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqqında” bəyannamədir. Türkiyə ilə biz xarici siyasəti kordinasiyalı şəkildə həyata keçirik. Rusiya ilə isə bizlər müstəqil xarici siyasət həyata keçirən beynəlxalq münasibətlərin ayrı-ayrı aktorlarıyıq. Eyni zamanda da Azərbaycan və Türkiyə bir birinə hərbi yardım da daxil olmaqla yardım göstərirlər. Rusiya ilə imzalanmış bəyannamədə isə bu məqamlar yer almamışdır.
“Moskva Bəyənnaməsi” iki dövlət arasında ciddi sahələri əhatə etməkdədir. Lakin ən əsas məqamlardan biri də beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsidir. Uzun illər öz ərazilərində terror və separatizmdən əziyyət çəkmiş bir dövlət olaraq belə bir bəndin mövcud olduğu bəyanatdan niyə çəkinməliyik? Bizim onsuz da nəinki Rusiyanın heç bir qonşu dövlətimizin ərazisinə olunacaq hər hansı bir təhdidə icazəmiz olmayıb, ola da bilməz. Dəfələrlə dövlət başçısı bu məqamı istisna etmişdir. Biz yeni reallıqlar fövqündə təhdid və təhlükənin azaldığı bir region və dünya arzularkən Rusiya üçün təhlükə deyilik. Bu sənədlə qarşı tərəfdən də belə bir halın baş verməyəcəyinə dair təminat almış olduq. Son dünyada baş verənlərin kontekstində bu bəyanatın nə qədər əhəmiyyətli bir addım olduğunu anlamaq elə də çətin deyil.
30 illik müstəqilliyimiz ərzində heç bir halda müstəqiliyimizin itirilməsinə razı olmamışıq. Bir qarış torpağımızdan belə, vaz keçməmişik. İndi qalib xalqın Müzəffər lideri Zəfərimizi daha da möhkəmləndirmək üçün ciddi addımlar atmaqdadır. Son Bəyannamə də Azərbaycanın müstəqil siyasətini təsbit edir, Rusiya bununla bağlı üzərinə öhdəliklər götürür. Yəni, Azərbaycan “Şuşa bəyənnaməsi”ndən sonra ikinci bir sənədlə öz gələcək müstəqilliyini təminat altına almış oldu. Sənədin mahiyyətinə əsasən, Azərbaycan əlavə təminatlar almaqla daha da güclənir.
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri