2018-Cİ İLDƏ MİNGƏÇEVİR ELEKTRİK STANSİYASININ YENİDƏN QURULMASI GÜNÜN TƏLƏBİDİR
Mehman Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
SOCAR - Azneft İB DQTKEİM-də Keyfiyyətə nəzarət şöbəsinin rəisi
Son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.
Müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib.Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib.
Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salınarkən Dövlət başçısına məlumat veridi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb.
Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.
Fikrimi Prezident İlham Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışı ilə tamamlamaq istərdim. “Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”.