Respublikamızda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır

Respublikamızda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır
Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu Konstitusiyaya əsaslanaraq həm daxili, həm xarici münasibətlərini tənzimləyir. Eyni zamanda, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpası həm də soydaşlarımızın konstitusion hüquqlarının bərpasını təmin edir.
Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.
1995-ci ilin noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan xalqı yeni Konstitusiyanın qəbuluna səs verdi. Bu hadisə həm də xalqımızın öz xilaskarı Heydər Əliyevə və böyük şəxsiyyətin milli maraq və mənafelərimizi layiqincə təmin edən siyasi kursuna verdiyi dəstəyin təcəssümü idi.
Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqımız tanınıb. Ana Qanunumuzun əsasında hüquqi dövlət və vətəndaş cəmiyyətinə yol açan ideyalar dayanıb. Ölkəmizin bütövlüyünün qorunması ali məqsəd kimi bəyan edilib. O cümlədən, insan hüquq və azadlıqlarının Ana Qanunumuzda əsas yerlərdən birini tutması respublikamızın demokratiya yoluna sadiqliyinin bariz nümunəsidir. Belə ki, Konstitusiyamızda insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edilib. Əlbəttə, ölkənin inkişafı, yeni çağırışların meydana çıxması, cəmiyyət həyatında baş verən dəyişiklikləri zərurətə çevirir. O cümlədən, Konstitusiya da bu yeniliklərə mütənasib olmalı, zamanın nəbzini tutmalıdır.
2003-cü ildən Azərbaycanın keçirdiyi inkişaf yolu müstəqillik tariximizin əsas reallıqlarından biridir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, sosial-iqtisadi islahatların dərinləşdirilməsinin, idarəetmənin təkmilləşdirilməsinin zəruriliyi, cəmiyyətimizdəki pozitiv yeniliklər səbəbilə indiyədək Azərbaycanda bir neçə konstitusion islahatlar həyata keçirilib. Bununla bağlı referendumlarda ölkə vətəndaşlarının yüksək etimadı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlara xalqımız tərəfindən göstərilən yüksək dəstək kimi tarixə həkk olunub. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəetməsinin daha keyfiyyətli və səmərəli həyata keçirilməsinə yönəlib, respublikamızın konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edib, o cümlədən demokratik meyarları özündə əks etdirir.