Respublika Reablitasiya Mərkəzində “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixdə Respublika Reablitasiya Mərkəzində “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərkəzin direktoru Nabat Abdulova iştirakçıları salamlayaraq, “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nün yaranma tarixindən danışıb. O, bildirib ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.
Mərkəzin əməkdaşı Mədinə Əliyeva çıxış edərək Azərbaycan xalqının milli azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizəsinin mərhələlərinə toxunub, ölkənin müstəqilliyinin ağır, çətin tarixi şəraitdə və mürəkkəb siyasi proseslərin fonunda bərpa olunduğu xatırladıb.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevin və 2003-cü ildən başlayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətlərini vurğulayıb, həmçinin bildirib ki, Azərbaycanın müstəqillik yolunda ən ağır sınaqlarından biri artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi olub. Qarabağ zəfəri ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib. Bu zəfər, Azərbaycanın suverenliyinin tam təmin edilməsi və ərazi bütövlüyünün bərpası müstəqilliyin necə dəyərli və qorunmağa layiq olduğunu bir daha sübut edir.
Sonda "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş videorolik nümayiş etdirilmişdir.