17-18 yanvar 2024-cü il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin Suraxanı rayonunda yerləşən ağır atletika zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilik keçirilib. Beynəlxalq Ağır Atletika Federasiyasının qaydaları əsasında 21 çəki dərəcəsi üzrə təşkil olunan yarışda 2007-2008 və 2009-2010-cu il təvəllüdlü oğlan və qızlardan ibarət komandalar mübarizə aparıb.
Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunub. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd 20 Yanvar faciəsinin 34-cü il dönümünün anılması, ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılmasından ibarət olub.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov mükafatlandırma mərasimində iştirak edib. Qalib gəncləri təbrik edən yerli təşkilatın sədri, qalib olmayanlara ruhdan düşməməyi tövsiyyə edib. Vüqar Seyidov xüsusi ilə qeyd edib ki, gənclərin asudə vaxtlarını idman komplekslərində səmərəli keçirməsi sağlam gəncliyin formalaşmasına xidmət edən amildir. Yerli təşkilatın sədri Vətən müharibəsində şəhid olan gənc idmançıların bütün gələcək nəsillərə örnək olduğunu vurğulamışdır.