Qubadlıya qovuşduq, çəkdiyimiz həsrətimiz bitdi, şəhidlərimizin qisası alındı

 Qubadlıya qovuşduq, çəkdiyimiz həsrətimiz bitdi, şəhidlərimizin qisası alındı
Nəzakət Həmzəyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbi müəllimi
Qədim qalaları, türbələri, mağaraları, körpüləri ilə tarixin özüdür Qubadlı. Əsrlərin o üzündən boylanan, qədimdən-qədim tarixi, gözəllikləri-dağları, dərələri, meşələri, fauna və florası, çayları, təbii zənginliyi ilə şiş dağları, əraziləri, sıldırım qayaları, bu qayaların sinəsinə pərçimlənmiş evləri, yetirdiyi-bitirdiyi nemətləri ilə Vətənimizin bənzərsiz məkanıdır Qubadlı. Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Amma qubadlılar elə bu elin quruca torpağına qayıtmağa belə razıdırlar. Onlar mətin iradəli, məğrur, əyilməz insanlardır. Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq qəhrəmanı Qaçaq Nəbi, Qoçaq Nəbi... Elimizin özü kimi mərd qızı Həcərlə hünər meydanında qoşa adımlayan, düşmənə bu Vətənin XIX əsr vətənpərvərlik nümunəsini sərgiləyən, adına dastanlar, nağıllar, şeirlər yazılan, hər bir azərbaycanlının qəlbində yaşayan Qaçaq Nəbinin yurdudur Qubadlı.
Bu yurd 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu döyüşçüləri ilə vurub salan, avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edərək bir gün ərzində ermənilərin 80-dən çox canlı qüvvə və bir neçə texnikasını məhv edən, düşmənin Gorusun Şurnuxu kəndindəki postunu darmadağın edən, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən I Qarabağ müharibəsi iştirakçısı, milli qəhrəman Əliyar Əliyevin yurdudur.
İgid mübarizərimizin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Zəngilan zəfərindən cəmi beş gün sonra-25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri işğaldan azad olundu. Beləliklə, 27 illik Qubadlı həsrəti sona çatdı.
Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. Düşmən digər ərazilərdə olduğu kimi Qubadlıda da güclü istehkamlar qurmuş, hərbi baza yaratmışdı. Eyni zamanda, Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdən biri olan Qubadlının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Ermənistan ərazisindən də Ordumuza qarşı artilleriya və müxtəlif silahlardan atəş açılırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi.
Qorxubilməz Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq geri çəkilən düşmən qaçarkən belə öz çirkin əməllərindən geri qalmır, yollarda müxtəlif maneələr qurur, körpülərin əsas hissələrini partladır və bir çox yollarda dağıntılar törədirdi. Lakin bütün bunlara baxmayaraq Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkmişdi. 44 gün davam edən Vətən müharibəsinin 29-cu günü işğal altında olan Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Qarabağ müharibəsi şəhidlərinin, əsir götürülən insanların, uzun illərdir həsrət içində yaşayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.
Azərbaycan Ordusunun hər bir igidi Vətən müharibəsində öz hünərini, vətənpərvərliyini, Vətən uğrunda şəhid olmağa, sağlamlığını fəda etməyə hər an hazır olduğunu dünyaya nümayiş etdirdi. Bəli, biz Vətən müharibəsində qələbəni döyüş meydanında əldə etdik, mülki şəxslərə atəş açan düşməndən fərqli olaraq torpaqlarımız uğrunda döyüşən igidlərimiz öz canı, qanı hesabına, müharibə qanunlarına uyğun savaşaraq, qələbəni əldə etdi. Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində bu gün Azərbaycan xalqı qalib xalqdır. Biz nəhayət Qubadlıya qovuşduq, illərlə çəkdiyimiz həsrətimiz bitdi, şəhidlərimizin qisası alındı.