Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır
Aynur Əsgərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Qubadlının 1993 – cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, vandalizmə məruz qalmışdır. Rayon ərazisində bütün sosial infrasturktur dağıdılmış, bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulmuşdur.
Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. İkinci Qarabağ müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-na qədər Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri Günü kimi qeyd edilir. Bu günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrda Prezident cənab İlham Əliyevin rayonda Şanlı bayrağımızı ucaltması oldu. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bugün Qubadlı rayonunda böyük quruculuq işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” AŞÇ-nin sistem əhəmiyyətli 110/35/10 KV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.
Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci il 19 oktyabrda Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” Su anbarının layihələri ilə tanış olub. Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin baş planı təqdim olunub. Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimlərində iştirak edublər.
Həmin gün dövlət başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin də təməlini qoyub. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur.