Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Hövsan Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi
Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir.
Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.
Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.
Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir.
İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir.
Hazırda infrastruktur quruculuğu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin mühüm bir istiqamətini təşkil edir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.