Qısa zamanda böyük işlərin görülməsi xalq-iqtidar birliyinin təzahürüdür
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyasının
Suraxanı rayon təşkilatının sədri
Hər il yeni il axşamı dünya ölkələrinin liderləri öz xalqlarına müxtəlif məzmunlu təbrik məktubları ünvanlayır, televiziya vasitəsi ilə canlı efirdə müraciətlər edirlər. Belə müraciətlərdə adətən ötən ilin hesabatı, eyni zamanda da yeni ildə qarşıya qoyulmuş hədəflər öz əksini tapmaqdadır. 31 dekabr tarixi Azərbaycan xalqı üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, bütün dünyada yaşayan azərbaycanlılar həmin tarixi həmrəylik günü kimi qeyd edirlər. Məhz bu səbəbdən Azərbaycan Prezidentinin xalqa müraciəti ikiqat əhəmiyyətə malikdir.
Prezidentin bu ilki bayram müraciəti həm ötən ilin kiçik bir icmalı, həm də növbəti ilin mənzərəsini özündə ehtiva edirdi. Azərbaycan daima irəliyə baxan, operativ şəkildə hadisələrə reaksiya verən, vəziyyətə uyğun cəld manevretmə qabiliyyəti olan bir dövlət kimi dünyada çıxış edir. Həm öz milli maraqlarımızı, həm də tərəfdaşlarımızın mənafelərini qorumaqla böyük uğurlara imza atırıq. Ötən ildə məqsədyönümlü siyasətimizlə qarşımıza qoyulan bütün hədəflərə çatmış olduq.
“Heydər Əliyev İli” kimi yola saldığımız 2023-cü ildə ölkəmiz bir çox tarixi uğurlara imza atmışdır. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab Ilham Əliyev Xankəndi şəhərində şanlı üçrəngli bayrağımızı zirvələrə qaldırmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bununla da Azərbaycan uzun zaman davam edən işğal prosesinin qarşısını almış və erməni mifini birdəfəlik məhf etmiş oldu. Əlbəttə, əgər bu gün artıq əhəmiyyətininin böyük bir hissəsini itirmiş 10 noyabr bəyannaməsinə vaxtında əməl olunsa idi, proseslər daha fərqli və sülh şəraitində öz nəticələrini verərdi. Amma Azərbaycan və onun Müzəffər Lideri hər vəziyyətə hazırdır. Hələ də revanşist hisslərə yaşayanlar bilməlidirlər ki, “Dəmir yumruq” yerindədir və hər an ölkəmizə qarşı yönəlmiş təxribatların qarşısını almağa hazırdır. Prezident cənab İlham Əliyevin xalqa müraciətində bu məqamlar böyük yer tuturdu.
2020-ci ildə Vətən Müharibəsi zəfərlə başa çatanda dövlət başçısı suverenliyin tam təminatının nə zaman olacağını bilirdi. Hətta döyüş əməliyyatları dayandıqdan sonra sadə insanların hisslərini də öz qəlbində yaşadan dövlət başçısı təmkin və müdrikliklə öz hədəflərinə doğru irəliləmişdir. 2022-ci ilin sonlarında Laçın-Xankəndi yolunda ekofəalların aksiyaları və 2023-cü ilin aprel ayında bu yolun tamami ilə Azərbaycan tərəfindən nəzarətə götürülməsi artıq suverenliyin təminatına gedən yoldan xəbər verirdi. Ardınca 15 min hərbiçisini gizlədən Ermənistanın sülh şərtlərinə əməl etməməsi və separatizmə, terrora şərait yaratması nəticədə 19-20 sentyabr tarixində lokal antiterror tədbirlərini labüd etmişdir. Nəticə isə göz qabağındadır. Artıq yeni ilin ilk günlərini yaşayırıq. İndi nə de-yure, nə də de-fakto (əlbəttə, xəstə erməni təfəkkürün məhsulu olaraq) separitizm yoxdur. İşğal prosesi tamamı ilə bitib.
Müharibə bitib, keçmiş Dağlıq Qarabağ münaqişəsi yoxdur, hətta Dağlıq Qarabağ coğrafi anlayışı belə yoxdur. Amma mübarizəmiz davam edir və edəcəkdir. Bu qələbələrdən, şanlı zəfərlərdən sonra xalqımızın birləşməyə, bütövləşməyə, ülvi amallar uğrunda vahidləşməyə daha çox ehtiyacı var. Müharibənin nəticələrinin aradan qaldırılması, şanlı zəfər sayəsində əldə olunan nəticələrin dünya tərəfindən qəbul olunması və Böyük Qayıdışın sürətlə həyata keçirilməsi uğrunda xalqımız birləşməli, daha çox həmrəy olmalıdır.
İndi dövlətimizin qarşısında duran əsas prioritet məsələ insanların layiq olduqları şəkildə öz ata-baba yurdlarına qayıtmasını təşkil etməkdən ibarətdir. Artıq son bir ildə yaxşı nəticələr əldə olunub. Belə ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevriliblər. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bugünədək 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında Talış kəndində Novruz bayramı, 28 may tarixində Laçın şəhərində Müstəqillik günü, avqust ayında Füzuli şəhəri və Zabux kəndində insanların öz torpaqlarına qayıtmaları ilə bağlı tədbirlər keçirilmişdir. Qısa zamanda böyük işlərin görülməsi xalq-iqtidar birliyinin təzahürüdür.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində ölkə başçısı yeni xoş xəbərlər də verdi. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu xoş müjdəni öz xalqına çatdıran Prezident onu da bildirdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bir məqamı da qeyd edim ki, Azərbaycan xalqı üçün bu sadalanan torpaqların azad olunması böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Uzun illər bu ərazilərdə həyata keçirilmiş separatizm və terror əməlləri nəticəsində xalqımız bu torpaqlara həsrət qalmışdır. Şükürlər olsun ki, biz artıq bu torpaqlarda hətta, kütləvi idman tədbirləri, futbol oyunları da keçirə bilirik. Bu, xalqımızın böyük qələbəsinin nəticələridir.
Biz ötən il ordumuzu daha da gücləndirmişik. Ordumuzun peşəkarlığı artıb, onun tərkibində yeni silahlı birləşmələr yaradılıb və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, bir çox yeni müqavilələr imzalandı. İndi Azərbaycan ordusu kəmiyyət, keyfiyyət və arsenal baxımından Vətən müharibəsindən öncəki ordu ilə müqayisədə daha güclüdür.
Vətən müharibəsi ərəfəsində və sonrasında dünyada dostlarımızla yanaşı bizim inkişafımızı qəbul etmək istəməyənlər də meydana çıxmışlar. Bizə qarşı təxribatların, anti-Azərbaycan təbliğatlarının da şahidi olduq. Biz bu oyunların hamısını dünyada olan dostlarımızın və əməkdaşlıqlarımızın sayəsində darmadağın edə bildik. Çünki biz dünyaya faydalı töhfələr verməyə, əməkdaşlıq və sülhü müdafiə etməyə davam edirik. Dünya ölkələri də bu addımlarımızı dəyərləndirir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, pandemiya dönəmində vaksinlərdən bütün dünya xalqlarının bərabər faydalanması üçün mübarizəsi, Afrika xalqlarının müstəmləkə siyasətinə qarşı məğrur duruşu dünyanın da Azərbaycana olan diqqətini və marağını artırır. Azərbaycan Avropanın enerji təminatçısı kimi və digər beynəlxalq sferalarda nüfuzunu artırmışdır.
Azərbaycan həm də yaxşı təşkilatçı dövlət kimi dünyada böyük imicə malikdir. Ölkəmiz müasir dünya çağırışlarını vaxtından əvvəl duyur və regionda bu məsələlərə daha operativ reaksiya verir deyə, ona qarşı ehtimad da artmaqdadır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir. Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, COP29 gələn il Azərbaycanda keçirilməsinə Ermənistan da öz dəstəyini vermişdir. Biz hətta uzun illər, əsrlər boyu xalqımızla düşmən olan bir cəmiyyəti belə 2023-cü ildə real fakt qarşısında qoya bilmişik.
Bir daha qürurla qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” kimi yola saldığımız 2023-cü ildə ölkəmiz bir çox tarixi uğurlara imza atmışdır. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Xankəndi şəhərində şanlı üçrəngli bayrağımızı zirvələrə qaldırmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Beləliklə, Naxçıvanda Ümummilli Lider Heydər Əliyev tərəfindən yandırılmış həmrəylik məşəli Xankəndindən bütün Azərbaycana və dünyada yaşayan azərbaycanlılara qələbə sevinci bəxş etmişdir. Ulu Öndərin 100 illik yubileyinə və “Heydər Əliyev İli”nə bundan böyük töhfə ola bilməzdi.