Qırğızıstan səfəri Türk dünyasının sabahı üçün böyük töhfədir
Gülnarə Ələkbərova
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Suraxanı rayonu 265 saylı körpələr evi, uşaq bağçanın müdiri
II Qarabağ Müharibəsində əldə etdiyimiz qələbədən sonra cənab Prezident İlham Əliyevin dünya ölkələrinə ard-arda səfərləri Azərbaycanın sürətlə artan nüfuzundan xəbər verir. Bu hər bir azərbaycanlını sevindirir və qürurlandırır. Lakin düşünürəm ki, bu səfərlər ən çox da dünyanın bir çox fərqli ölkəsində yaşayan azərbaycanlıları həyəcanlandırır. Təsəvvür edin, yaşadığın ölkəyə Azərbaycan Prezidenti səfərə gəlir. Yaşadığın dövlət rəsmi qarşılama mərasimi üçün hazırlaşır və bu əhali arasında danışılır. Təsəvvürü belə qürurvericidir!
Hesab edirəm ki, baş tutan sonuncu Qırğızıstan səfəri bu qəbildəndir. Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında tarixən dostluq münasibətləri mövcud olmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, bu diplomatik münasibətlər hələ 1993-cü il 19 yanvar tarixindən qurulmuşdur. Azərbaycan Respublikası ve Qırğız Respublikası arasındakı ikitərəfli münasibətlərin genişlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini unutmaq olmaz. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu ikitərəfli münasibətlər bu gün ölkə başçısı İlham Əliyev tərəfindən yüksələn xəttlə davam və inkişaf etdirilir.
Tarixin yazdığı şəxsiyyət olmaq istəyirsənsə, gərək tarixi dəyişəsən. Ulu Öndər tarix yazan şəxsiyyətlərdəndir. Qirğızıstanda "Qırğızıstan Azərbaycan dostluq parkının" və "Ulu Öndər Heydər Əliyevin adını daşıyan məktəb gimnaziyasının” inşası ona dəlalət edir ki, Ulu Öndər Heydər Əliyev təkcə Ümummili Lider kimi Azərbaycan xalqının qəlbində taxt qurmayıb. O, dünyanın bir çox xalqlarının həyatında müstəsna rol oynamışdır. Tarixdə belə liderlər barmaqla sayılacaq qədər azdır. Lakin o azlıq içərisində şansın bizdən yana olması və xilaskar kimi Ulu Öndərin bizə göndərilməsi tanrının lütfüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu xoş münasibəti yüksək dəyərləndirmiş, Azərbaycan xalqının adından Qırğızıstan Prezidenti Sadir Japarova təşəkkürünü bildirmiş, çətin və şərəfli yolda ona uğurlar və can sağlığı arzu etmişdir.
Cənab Prezident İlham Əliyevin Qırğızıstan səfəri zamanı çıxışından xüsusi ilə bir nüansa diqqət çəkmək istəyirəm. O vurğuladı ki, Azərbaycanla Qırğızıstan arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Azəbaycan ve Qırğız dost respublika olaraq yeni bir səhifə açacaq. Bu səfəri iki dost ölkə arasında qardaşlığın, dostluğun təzahürü kimi qiymətləndirmək olar. Eyni zamanda, ölkə başçımız sadaladığı kökə bağlılıq, ataların vəsiyyəti, unikal mədəniyyətin qorunması kimi üç əsas tezislə ölkə ictimaiyyətinə xoş və dəyərlər fonundan çıxış edən mesajlar ötürdü. Qırğızıstan səfəri Türk dünyasının sabahı üçün böyük töhfədir.
Cənab Prezidentin xarici ölkələrə hər bir səfəri tarixi və strateji əhəmiyyət kəsb edir. Bütün beynəlxalq görüşlərdə ölkə başçımız sülhə çağırış edir. Eyni zamanda Qırğızıstan səfəri zamanı çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinində Qırğızıstan şəhəri ilə qardaşlaşacağını vurğulayıb. Azərbaycan Qırğızıstan Prezidentlərinin baş tutan görüşünü "Qardaşlıq görüşü " adlandırmaq olar. Qurulan qardaşlıqlar ölkəmizin gücünə güc qatır.