Qarabağın strateji bölgələri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri...

Qarabağın strateji bölgələri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri...
Aynurə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan tarixində əlamətdar günlər sırasında 20 sentyabr xüsusi yer tutur. Bu gün, uzun illər işğal altında qalmış və Vətən müharibəsinin uğurlu nəticələri ilə yenidən dövlətimizin suverenliyi altına qayıtmış Qarabağın strateji bölgələri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması ilə bağlı xatırlanır. Bu tarixi gün yalnız hərbi qələbə deyil, həm də ədalətin, milli birliyin, əzmkarlığın təntənəsi kimi dəyərləndirilir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz nəticəsində Qarabağın ən mühüm mərkəzləri işğala məruz qaldı. Xankəndi – Qarabağın inzibati mərkəzi kimi Azərbaycanın dövlətçilik tarixində böyük əhəmiyyətə malikdir. İşğal dövründə separatçı qüvvələrin yuvasına çevrilmiş, xalqımıza qarşı müxtəlif təxribatların idarə olunduğu bir məkan olmuşdur. 

Xocalı – 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı ilə dünya ictimaiyyətinə məlumdur. Burada dinc əhaliyə qarşı törədilən vəhşiliklər insanlıq tarixinin ən dəhşətli faciələrindən biridir. 
- Xocavənd və Ağdərə – həm strateji, həm də iqtisadi baxımdan Qarabağın mühüm bölgələridir. İşğal illərində bu ərazilər də separatçı rejimin nəzarətində olmuş və talanlara məruz qalmışdır. 

Uzun illər boyu xalqımız bu torpaqlara qayıdacağı günü səbirsizliklə gözləmişdir. 44 günlük Vətən müharibəsi (27 sentyabr – 10 noyabr 2020) Azərbaycan ordusunun rəşadəti və xalqın birliyi ilə tarixə qızıl hərflərlə yazıldı. Müharibənin nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad edildi. Lakin müəyyən ərazilərdə müvəqqəti yerləşdirilən qanunsuz silahlı dəstələr Azərbaycanın ərazi bütövlüyünə təhdid olaraq qalmaqda idi.

2023-cü il 20 sentyabr tarixində Azərbaycan Ordusu “Lokal antiterror tədbirləri” həyata keçirdi. Bu tədbirlər nəticəsində separatçı rejim tamamilə məhv edildi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın suverenliyi bərpa olundu. Beləliklə, ölkəmizin tam ərazi bütövlüyü təmin edildi.

20 sentyabr sadəcə bir hərbi qələbə tarixi deyil, həm də xalqımızın tarixi ədalətinin bərpası günüdür. Bu gün:

 -Azərbaycan xalqının milli birliyinin və dəmir iradəsinin göstəricisidir. 
- Dövlətimizin beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin qələbəsi kimi tarixə düşmüşdür. 
- Şəhidlərimizin müqəddəs qanı ilə əldə olunmuş zəfərin davamı olaraq, Qarabağın tam şəkildə Azərbaycana qovuşduğu gün olmuşdur.

  Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
- Xankəndi artıq Azərbaycan dövlətinin siyasi, sosial və iqtisadi layihələrinin icra mərkəzinə çevrilməkdədir. 

Xocalı şəhərində infrastrukturun bərpası, yaşayış məhəllələrinin salınması, soyqırımı qurbanlarının xatirəsinin uca tutulması xüsusi diqqət mərkəzindədir. Xocavənd və Ağdərə rayonları isə kənd təsərrüfatı, turizm və sənaye potensialı ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək bölgələr kimi inkişaf etdiriləcəkdir. \

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü xalqımız üçün Zəfər və Qürur Günüdür. Bu tarix göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmır, daim ədalət uğrunda mübarizə aparır və nəticədə öz haqqını bərpa edir.

Bu gün bizlər üçün həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə inam deməkdir. Qarabağın azadlığı və bərpası Azərbaycanın gücünü, müstəqilliyinin sarsılmazlığını bir daha sübut edir.