QARABAĞA SƏFƏR DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİNİN RƏMZİ

QARABAĞA SƏFƏR DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİNİN RƏMZİ
Gülər Osmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin tarix müəllimi 
Azərbaycan və Qazaxıstan dövlətlərinin dostluq və qardaşlıq münasibətlərinin kökləri uzun illərə dayanır. Hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Xalqları din və dil eyniliyi də birləşdirir. Müasir dövrdə də Qazaxıstanda yaşayan azərbaycanlılar var. Onlar Qazaxıstan ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edirlər. Hələ 2022-ci ilin avqust ayında Bakıya səfəri zamanı Qazaxıstan Prezidenti Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etmişdi. Bu mərkəz xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildirmişdi. Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcı gənclərin formalaşması və regionda incəsənət təhsilini inkişaf etdirmək məqsədi daşıyır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü bu münasibətlərin daha sıx və çoxşaxəli inkişafından xəbər verir. Prezident İlham Əliyev bu görüşə böyük önəm vermiş, iki dövlətin beynəlxalq səviyyədə yüksələn inkişafı üçün əlindən gələni etmişdir. Qazaxıstan Azərbaycanın tam ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə və Özbəkistandan sonra üçüncü türk dövlətinin başçısıdır ki, Şuşaya səfər edir. Səfər zamanı dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərzəkizinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Beləliklə, bu gün türk birliyi daha da güclənir. Qarşıda dayanan hədəflər isə bütün türk dünyasının daha böyük yüksəlişinə səbəb olacaq. Bu yolda ölkəmiz daha da inamlı irəliləyir.