Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu bir çox tarixi sənədlər, xəritələr və tariximiz təsdiqləyir

Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu bir çox tarixi sənədlər, xəritələr və tariximiz təsdiqləyir

Nizami Eminov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin üzrə direktor müavini

Bəzən elə olur ki, Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu sübut etməyə çalışmaq insana artıq görünür.  Belə olan vaxtlarda "Görünən dağa bələdçi lazım olmaz" ifadəsi gəlib durur insanın gözünün qabağında. Fikirləşirsən ki, həqiqətən də, axı bütün bunlar nəyə və yaxud kimə gərəkdir?  Onsuz da gün kimi aşkar olan bir faktı niyə sübut etməyə çalışasan?  Axı hansı fakt, hansı teorem özünə isbat istəyir?! Yox, bu danışdıqlarımız bir yerə qədər özünü doğrulda bilir. O yerə qədər ki, ora məntiqin, sağlam düşüncənin sərhədləri daxilindədir. Başqa bir gerçəklik də ondan ibrətdir ki, yaşadığımız dünya məntiqləri, sağlam düşüncəni bəzən qəbul etmir və ya qəbul etməmək daha çox işinə gəlir.

Dünyada sülhü, əmin-amanlığı, beynəxlaq münasibətləri, qlobal problemləri öz öhdəsinə götürmüş qurumlar,  böyük təşkilətlar, birliklər mövcuddur. Hansı ki, əslində onların daşıdığı mahiyyətin əksinə olaraq məntiq, reallıq və həqiqət onlar üçün ön planda gələn məsələlər deyil, üzərlərinə örtülən pərdədir. Onlar üçün  əsas olan gücünün yetdiyi qədər qışqırmaq,  səsinin çatdığı qədər çığırmaqdır.  Nə haqda qışqırdığının önəmi yoxdur, əgər səsin çox çıxırsa, onlar sənə inanacaqlar, sənin "dərdinə yanacaqlar".

Faktlarla, rəqəmlərlə, sübutlarla onlara göstər, de ki, ermənilər tarix boyu türklərə, azərbaycalılara qarşı amansız soyqırımlar törədiblər, dinc əhalini qırıb, el-obasından didərgin salıblar. Nədənsə bizim bu dərdimiz “insan hüquqlarının müdafiəçilərini” çox da maraqlandırmaz. Yox, əgər bir erməni çıxıb səsini ucaltsın ki, azərbaycanlılar ermənilərə qarşı soyqırım törədib, yurdlarından qovub, həmin dəqiqə onun sözlərini beynəlxalq müstəvidə müzakirə obyektinə çevirərlər. Sən onların önünə həqiqətləri sər, göstər ki, Qərbi Azərbaycan bizim tarixi ərazimizdir, İrəvan, Qaradiz, Mehri, Gümrü, Suqovuşan, Üçmüədzin  kimi yüzlərlə tarixi toponimlərimiz ermənilər tərəfindən saxtakarlıqla dəyişdirilib, milli xörək adları, musiqi alətləri oğurlanıb,  tarixi mədəniyyət abidələri, maddi sənət nümunələri məhv edilib, mənimsənilib, onlar  yenə də sənə laqeyd yanaşarlar .

Əgər erməni diasporası dünya ictimaiyyətinə bir kilsəni göstərib "çığırsa" ki, "Bura tarixi ermənistan ərazisidir", ona şübhə edən az tapılar.  Halbuki, müasir dövrdə olduğu kimi Azərbaycan tarixən də tolerant olub və öz ərazisində müxtəlif dillərə, dinlərə mənsub olan xalqların yaşamağına şərait yaradıb. Bütün bunları düşündükcə bir daha qənaətə gəlirsən ki, danışmaq lazımdır. Hər an, hər dəqiqə və hər yerdə. Qoy Günəşin üzünü palçıqla suvamaq istəyənlərin səsi haqqın, gerçəkliyin, məntiqin səsini batırmağa cəsarət tapa bilməsin! “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir!"