Qərbi Azərbaycan bizim böyük qayıdışımızın növbəti mərhələsidir

Qərbi Azərbaycan bizim böyük qayıdışımızın növbəti mərhələsidir
Günel Atakişiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 327 saylı tam orta məktəbin müəllimi
Cari ilin 24 dekabrında-məhz ad günündə Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşməsi, onların qarşısında tarixi faktlara və dərin məntiqə söykənən həqiqətlərlə çıxışı millətimizin nəinki dövlətimizin indiki ərazisində, eləcə də tarixin amansız saziş və müqavilələrindən itkiyə məruz qalmış torpaqlara sahib olmaq hüququna da aydınlıq gətirdi.
Dövlət başçısı 200 il bundan əvvəl çar Rusiyasının himayədarlığı və məqsədyönlü siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqlarına (indiki Ermənistana) ermənilərin köçürülməsini, XX əsrin əvvəllərində İrəvanın faktiki olaraq Ermənistana bağışlanmasını, sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini, bunun arxasında isə Azərbaycanın Naxçıvandan və Türkiyədən ayırmaq kimi məkrli planın olmasını çox aydın və dolğun faktlarla görüş iştirakçılarının diqqətinə çatdırdı.
Cənab Prezident İlham Əliyev tarixi torpaqlarımızın gec-tez Azərbaycan adlı daha geniş məkanda birləşəcəyi ilə bağlı nikbin notlar səsləndirdi: " Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan“.
İndiki Ermənistanın bizim tarixi torpaqlarımız olduğunu qətiyyətlə vurğulayan dövlət başçısı sülhsevər Qayıdış Konsepsiyasının hazırlanmasının zəruriliyini bildirmişdir. Eyni zamanda o da qeyd olunmuşdur ki, Qərbi Azərbaycan İcması xaricdə fəaliyyətinə xüsusi önəm verməlidir. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır.
Bu gün Ağalı kəndini heç vaxt görməyən gənclər və uşaqlar oraya qayıdıblar. Bu, xalqımızın tarixi yaddaşına canlı qayıdışıdır. Cənab Prezident vurğuladı ki, "Biz eynisini Qərbi Azərbaycanda da görəcəyik". İcmanın qarşısında duran məsələlərdən biri də rəsmi İrəvanın tarixi saxtakarlığının ifşa olunması, dünyaya bir daha İrəvanın tarixi mərkəzinin Azərbaycan xalqının tarixi irsi olmasını sübut etməkdir. Sübut olunmalıdır ki, bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır.
Artıq iki ildir, xalqımız öz Ali Baş Komandanının, Müzəffər Ordusunun şücaəti sayəsində Tarixi Zəfər qazanmış xalq kimi başını daha uca tutaraq dünya xalqları sırasında inamla addımlayır. Bu addımların çox yaxın bir dönəmdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da səsləndiriləcəyi heç bir şübhə doğurmur.