Aybəniz Rüstəmova
YAP Suraxanı rayon təşkilatının üzvü
Bakı şəhəri 280 nömrəli tam orta məktəbin direktor müavini
44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz bu şanlı Zəfərini bu gün Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə, qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdiririk. Bu günü xalqımız səbirsizliklə gözləyirdi və artıq həmin gün yetişdi.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Hətta Paradda Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.
Mərasimdə Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Onu da qeyd edək ki, 44 günlük müharibənin zəfərlə başa çatmasında Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyi böyük rol oynayıb. Habelə, Azərbaycanın bu ölkədən aldığı müasir silahlar, pilotsuz döyüş aparatları və başqa texniki vasitələr düşmən üzərində böyük üstünlüyümüzü təmin edib. Bu, Türkiyə Prezidentinin Azərbaycanda düzənlənən hərbi paradda ikinci iştirakı idi. Bundan əvvəl 2018-ci il sentyabrın 15-də Osmanlı hökumətinin dəstəyi ilə Bakının erməni-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında təşkil olunmuş təntənəli hərbi parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmışdı. Həmin paradda Türkiyə Silahlı Qüvvələri də ayrıca taborla iştirak edirdi.
Müstəqil Azərbaycan Respublikası dövründə ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da ölkəmizdə ikinci hərbi parad keçirilib. 2011-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə Azərbaycan Ordusunun növbəti hərbi paradı təşkil olunub.
Azərbaycanda keçirilən dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələrin yaranmasının 95 illiyinə həsr edilib. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən hərbi parad isə 2018-ci il 26 iyun tarixində – Silahlı Qüvvələr Gününə təsadüf edib. Bu mərasim əvvəlkilərdən xeyli fərqlənib.
Sonuncu (altıncı) hərbi parad Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan 15 sentyabr – Bakının erməni-daşnak qüvvələrindən azad edilməsi günü münasibəti ilə baş tutub. Paradda Türkiyə Silahlı Qüvvələrinin bölmələri də iştirak edib, o cümlədən bu ölkədən alınan yeni hərbi texnikalar, silah sistemləri, artilleriya vasitələri, pilotsuz döyüş aparatları nümayiş etdirilib.
10 dekabr hərbi paradının isə böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda, rəmzi mənası var. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını qısa müddətdə, nisbətən az itki ilə geri qaytardı. Göründüyü kimi, qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə üstünlüyünün darmadağın edilməsi və təşəbbüsün ələ alınması əlbəttə, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya nümayişidir.