Prezidentin yeni formalaşan parlamentdə çıxışı yeni yol xəritəsinin ifadəsi kimi qiymətləndirilməlidir

Prezidentin yeni formalaşan parlamentdə çıxışı yeni yol xəritəsinin ifadəsi kimi qiymətləndirilməlidir
Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimin müavini

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib, Prezident iclasda iştirak edib və nitq söyləyib. Prezident cənab İlham Əliyev öz çıxışında çox mühum məqamlara toxunub. Prezident bildirib ki, işğal dövründə bizim təbii olaraq xarici siyasətimizin böyük hissəsi bu istiqamətə yönəlirdi. İndi isə - tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik və bu münasibətlə bir neçə kəlmə demək istərdim: müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!

Cənab İlham Əliyev onu da xüsusi vurğulayıb ki, Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib.

Bütün ölkəmiz üçün əhəmiyyətli hadisə olan COP da Prezident gündəmində özünə yer tapıb. Prezident açıq ifadə edib ki, COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək. COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər əlamətdar bir hadisədir. COP29-un beynəlxalq medianın diqqətində olan tədbirlərdən biri olduğunu da sözlərinə əlavə edən deputat bu tədbir çərçivəsində ölkəyə gələn dövlət və şirkət başçılarının sayının kifayət qədər çox olacağına əmindir.

Prezident parlamentdə çıxışı zamanı deyib ki, əvvəla COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir.