20 Sentyabr – Dövlət Suverenliyi Günü müasir dövlətçilik tarixində milli qürur, tarixi ədalət və tam müstəqilliyi simvolizə edən ən mühüm və əlamətdar tarixlərdən biridir

20 Sentyabr – Dövlət Suverenliyi Günü müasir dövlətçilik tarixində milli qürur, tarixi ədalət və tam müstəqilliyi simvolizə edən ən mühüm və əlamətdar tarixlərdən biridir

Aynur Rzayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin əməkdaşı

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində milli qürur, tarixi ədalət və tam müstəqilliyi simvolizə edən ən mühüm və əlamətdar tarixlərdən biridir. Bu gün ölkəmizin öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda onilliklər boyu keçdiyi mürəkkəb, eyni zamanda şərəfli tarixi mərhələlərin məntiqi və möhtəşəm yekununu özündə əks etdirir. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutan hadisələrin vahid və bütöv bir tarixi məna ətrafında birləşdirilməsinə xidmət edir.
Azərbaycan xalqının müstəqil dövlət qurmaq və onu qorumaq iradəsi uzun əsrlər boyu formalaşmış, ən çətin siyasi şəraitlərdə belə özünü qətiyyətlə büruzə vermişdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra müasir Azərbaycan dövlətinin qarşısında duran ən ümdə və strateji vəzifə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlət hakimiyyətinin tam və rəsmi şəkildə təmin edilməsi olmuşdur.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz, torpaqlarımızın 20 faizinin işğala məruz qalması bu ali məqsədin reallaşmasına uzun illər boyu ciddi maneələr yaratmışdır. İşğal dövründə şəhər və kəndlərimiz yerlə-yeksan edilmiş, yüz minlərlə soydaşımız doğma yurd-yuvalarından didərgin düşərək məcburi köçkün həyatı yaşamış, Azərbaycanın çoxəsrlik tarixi, dini və mədəni irsi misli görünməmiş vandalizmə məruz qalmışdır.
2020-ci il sentyabrın 27-də başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi düşən hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici və sındırıcı mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşmən kapitulyasiyaya məcbur edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarılması təmin edildi və ərazi bütövlüyümüzün bərpası yolunda tarixi nailiyyət qazanıldı.
Tam və mütləq suverenliyin təmin olunması üçün Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində yuva qurmuş separatçı rejimin mövcudluğuna son qoyulmalı idi. 2023-cü il sentyabrın 19-da cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların hərbi infrastrukturu darmadağın edildi, qanunsuz xuntanın mövcudluğuna birdəfəlik son qoyuldu. 20 sentyabr 2023-cü il tarixi Azərbaycanın öz konstitusiya quruluşunu və dövlət suverenliyini ölkənin hər bir qarışında qəti olaraq bərqərar etdiyi gün kimi tarixə düşdü. Xankəndi, Xocalı, Şuşa, Xocavənd və Ağderədə üçrəngli dövlət bayrağımızın ucaldılması ilə müstəqilliyimizin və suverenliyimizin tamlığı təmin olundu.
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən 20 Sentyabr – Dövlət Suverenliyi Günü sadəcə bir təqvim günü deyil. O, Azərbaycan xalqının milli azadlıq idealının təntənəsi, dövlətimizin qüdrətinin və sarsılmazlığının əbədi rəmzidir.

Paylaş