Prezidentin WUF13- də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması modelini irəli sürməsi şəhidlərimizə olan ehtiramın beynəlxalq aləmdə ifadəsidir
Aysel Manafova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı Mühəndislik Universitetinin məsul əməkdaşı
Bildiyiniz kimi ölkəmizdə növbəti böyük beynəlxalq tədbir keçirilir. Müasir Azərbaycanın tarixində COP29-dan sonra miqyasına görə ikinci böyük tədbir olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası- WUF13 çərçivəsində Prezident cənab İlham Əliyevin çıxışında xüsusi yer alan məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması olmuşdur. Dövlət başçısı qeyd etdi ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri məhz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin baş planları hazırlanır, müasir standartlara uyğun yeni yaşayış məntəqələri salınır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələri Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm göstəricisinə çevrilib.
Şəhid ailə üzvü kimi bir məqama xüsusi olaraq toxunmaq istərdim. Azad olunan torpaqlarda müqəddəs canına qurban verənlərin əziz xatirələrinə layiq və uzun illər o torpaqlardan didərgin düşmüş məcburi köçkünlərə uyğun ləyaqətli həyatın təmin olunması xalqımızın və dövlətimizin ümdə arzusudur. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qalib dövlətin başçısı kimi cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması modelini irəli sürməsi həm də şəhidlərimizə olan ehtiramın beynəlxalq aləmdə ifadəsidir.
WUF13 çərçivəsində çıxışı zamanı ekoloji məsələlərə də toxunan Prezident bildirdi ki, Azərbaycan ətraf mühit sahəsində böyük işlər görməli olub. Bu gün yaşıl enerji layihələri, ekoloji təmiz nəqliyyat sistemləri və dayanıqlı şəhər konsepsiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması bunun bariz nümunəsidir.
Bu gün Bakı dünyanın diqqət mərkəzində olan mühüm beynəlxalq şəhərlərdən birinə çevrilib. Paytaxtda keçirilən qlobal forumlar, nüfuzlu tədbirlər və beynəlxalq görüşlər Azərbaycanın artan siyasi, iqtisadi və mədəni potensialını nümayiş etdirir. Müasir memarlıq üslubu, inkişaf etmiş infrastruktur və dinamik şəhər həyatı Bakının regionun aparıcı mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan bu gün regionun inkişaf mərkəzlərindən birinə çevrilib. Tarixi irsə söykənən, müasir memarlıqla zənginləşən və dayanıqlı gələcəyə istiqamətlənən Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyevin WUF13 platformasında səsləndirdiyi fikirlər və beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlar bir daha göstərdi ki, Azərbaycan dağıntılar üzərində deyil, inkişaf və quruculuq üzərində gələcək formalaşdırır, viran qalmış ərazilərdə isə intiqam məntiqi deyil, yenidənqurma və həyatın bərpası prinsipləri əsasında yeni reallıq yaradır.
Sonda gənc, gələcəyin dizayneri kimi demək istərdim ki, şəhərsalma və memarlıqla bağlı belə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bizim kimi gənclərin dünya təcrübəsini öyrənməsi, ölkəmizdə müasir, faydalı nümunələrdən istifadə olunması nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir.