Prezidentin səfəri Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələrində tarixi bir mərhələdir

Türk birliyinin rəmzinə çevrilən Qarabağ həm siyasi, həm də mənəvi baxımdan qardaş ölkələrin- Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın və nəhayət Türkmənistanın ortaq dəyərinə çevirilib. Qardaş ölkələrin Qarabağın bərpasına verdiyi töhfələr türk həmrəyliyinin real nümunəsidir. İşğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirən qardaş ölkələr keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə də hər zaman qardaş olkələrin Azərbaycanın yanında olması qardaşlığın və müttəfiqliyin növbəti nümunəsi idi.
22 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin Avaza şəhərində səsləndirdiyi “Türkmənistan əmin əllərdədir” fikri isə sadəcə bir kompliment deyil, əsl reallığı, Türkmənistanın əldə etdiyi nailiyyətləri təqdir edən dürüst qiymətləndirmədir.
Avaza şəhərinə ikinci dəfə səfər etdiyini söyləyən dövlətimizin başçısı bildirdi ki, burada gedən inkişaf, aparılan quruculuq işləri Türkmənistanın etibarlı əllərdə olduğunu aydın şəkildə göstərir. O, xüsusilə vurğuladı ki, Qurbanqulu Berdiməhəmmədovun müdrik rəhbərliyi sayəsində təkcə Avaza deyil, bütün digər şəhər və kəndlər sürətlə inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur layihələri gerçəkləşdirilir.
Avqustun ayının 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.
Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan - Türkmənistan - Özbəkistan əlaqələrində tarixi bir mərhələdir. Cənab Prezidentin sözləri ilə desək: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun.”
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərinə etdiyi işgüzar səfər, ölkəmizin regional liderliyini bir daha təsdiqləyən mühüm bir addım oldu. Bu səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına şərait yaratdı.