Prezidentin sədrliyi ilə keçirilən iclas iqtisadi yeniliklərlə yanaşı siyasi ismarıclarla da zəngin idi
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Azərbaycan birmənalı öz regionunda baş verən hadisələrə nəzarət edir və ölkə başçısının verdiyi bəyanatlar, mətbuat üçün açıqlamalar, çıxışlar böyük əhəmiyyətə malikdir. Cənab Prezidentin sədrliyi ilə keçirilən . 2022-ci ilin ilk rübünə həsr olunmuş iclas iqtisadi yeniliklərlə yanaşı siyasi ismarıclarla da zəngin idi. İstər yeni icra olunacaq layihələr, istər icrası davam edən, istərsə də bitmiş layihələr bir daha dövlətimizin qüdrətinin təzahürüdür. Cənab Prezidentin də vurğuladığı kimi böyük müharibələrdən sonra donor konfransları qurulur və dünya zərərçəkmiş dövlətə öz köməyini edir. Bizə isə istər Qarabağ, istərsə də Şərqi Zəngəzurda həyata keçirdiyimiz layihələrə, yenidənqurma işlərinə bir manat da olsun digər dövlətlər, qurumlar tərəfindən kömək olunmamışdır. Əslində Azərbaycan dövlətinin maliyyə ilə bağlı problemləri yoxdur. Düşünülmüş iqtisadi siyasətimiz əsas verir ki, biz azad olunmuş ərazilərdə nümunəvi yaşayış məskənləri yaradaq. Lakin minalardan təmizləmə işləri çox ciddi prosesdir. Biz bununla bağlı ən müasir avadanlıqlarla müvafiq qurumlarımızı təmin etmişik. Ancaq fiziki olaraq bu prosesə beynəlxalq dəstək lazımdır. Cənab Prezidentin minaların təmizlənməsi ilə bağlı siyasi ismarıclarına dünya dövlətləri diqqətlə yanaşmalıdırlar. Ən azından ona görə ki, Azərbaycan bütün qlobal məsələlərdə dünyaya öz töhfəsini verə bilən dövlətdir.
2022-ci ilin ilk rübünə həsr olunmuş toplantı eyni zamanda keçən il işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı da bir hesabatdır. 2021-ci ildə Vətən Müharibəsinin hərbi-siyasi nəticələrinin dünya birliyi tərəfindən qəbul olunması istiqamətində əhəmiyyətli fəaliyyətlər icra olunmuşdur. 10 noyabr bəyannaməsi ilkin sənəddir və bunu yekun sülh müqaviləsi hesab etmək olmaz. Yekun sülh müqaviləsinin imzalanması və ərazi bütövlüyünün təmin olunması istiqamətində istər Rusiya Federasiyası, istərsə də Avropa İttifaqı Şurasının fəaliyyətini yüksək qiymətləndirmək olar. İlkin mərhələdə Rusiya müharibənin qaynar fazasını bitirsə də sülh müqaviləsinə doğru prosesin sürətli inkişafını təmin edə bilməmişdir. 6 aprel Brüssel görüşünün nəticələrinə toxunan cənab Prezident də Avropa İttifaqı Şurasının sülhyaratma fəaliyyətini yüksək qiymətləndirmişdir. Hər halda 28 ildə dünya birliyinin həyata keçirə bilmədiyi fəaliyyəti bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Avropa həyata keçirmək niyyətindədir. Biz cəmiyyət və dövlət olaraq bu humanitar addımı dəstəkləyirik.
Müharibə nəticələrinin qəbul olunması istiqamətində ən bariz nümunə Azərbaycanla BMT arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin məhz Şuşada keçirilməsidir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri çıxışlarında dəfələrlə vurğulayır ki, beynəlxalq aləm keçmiş Dağlıq Qarabağ münaqişəsnin tamami ilə öz həllini tapmasını istəyir. Şuşada keçirilmiş beynəlxalq tədbir buna sübutdur. Təəssüfedici haldır ki, BMT qəbul etdiyi dörd ədalətli qətnamədən heç birinin icrasını 28 ildə həyata keçirə bilməmişdir. Lakin ədalətli qətnamələr Vətən Müharibəsinin hüquqi bazasının formalaşmasında böyük tarixi əhəmiyyətə malikdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycanın haqlı mübarizəsinə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyada böyük nüfuza malik qurumlar öz qərarları, qətnamələri ilə dəstək olmuşlar. İndi Azərbaycan qalib və diqtə edən tərəfdir. Lakin bir çox dost dövlət və təşkilatlar bizim haqlı mübarizəmizə ən çətin anlarımızda öz siyasi, mənəvi dəstəyini verirdi.
Ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətini sıfır rəqəmi ilə qiymətləndirməklə Azərbaycan xalqının fikirlərini ifadə etmiş oldu. 28 il ərzində nə işlə məşğul olduğu bəlli olmayan bu qurumun artıq özünün gələcəyi Rusiya-Ukrayna savaşı fonunda sual altındadır. Bizə isə belə sualaltı qurumların bəlli olmayan fəaliyyətləri lazım deyildir. Əgər iki dövlətin münasibətlərinin tənzimlənməsinə xidmət etmək istəyirlərsə, buyurub ədalətli yanaşmalarla prosesə daxil olsunlar. Yoxsa yenidən Dağlıq Qarabağ və münaqişə terminalogiyalarını “diriltmək” arzuları bu dəfə həyata keçməyəcəkdir. Artıq 6 aprel görüşündən sonra ilk dəfə Azərbaycan və Ermənistan XİN-lərinin rəhbərlərinin vasitəçilər olmadan telefon danışıqlarının baş tutması keçmiş münaqişənin siyasi həllində arzu olunan nəticəyə doğru ciddi addımların atıldığını göstərir. Beləliklə, hesab etmək olar ki, qısa müddətdən sonra heç bir qurumun və yaxud da dövlətin vasitəçiliyinə ehtiyac qalmayacaqdır. Eyni sözləri yaxın illərdə Rusiya sülhməramlılarının fəaliyyəti haqqında da demək olar. Ermənistanın və qondarma qurumun illərlə silahlandırılması, əvəzsiz kreditlərin verilməsi, öz gündəlik xərçlərini təmin edə bilməyən bir ölkənin bahalı silahlara sahib olmasını işğalı dəstəkləyən qüvvələr nə ilə izah edirlər? Son zamanlar aktual olan bir terminin də cənab Prezident tərəfindən yerində və zamanında istifadə olunması vacib məsələlərə aydınlıq gətirdi. Ermənistanı bundan sonra silahlandıran ölkələri qeyri-dost ölkələr adlandırmaq olar. Çünki əgər Ermənistanın silahlandırılmasının qarşısı alınarsa Cənubi Qafqaz regionunda bütün formatlarda sülh və əməkdaşlıqlar daha da inkişaf edəcəkdir. Heç kim heç bir məsələdə narahat olmamalıdır. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Qarabağda sülhün və əməkdaşlığın qarantı Azərbaycan ordusudur.
Biz milli təfəkkürümüzün formalaşması istiqamətində ən böyük maneə olan unutqanlıq faktorunu birdəfəlik firqətimizdən silməliyik. Prezidentin ifadə etdiyi siyasi ismarıcların arasında bu amil də vardır. Heç vaxt başımıza gətirilən müsibətləri unutmayacağıq. Bu gün Ermənistan məğlub və gücsüzdür. Biz daima aramızdakı xeyrimizə olan müsbət fərqi artırmaq üçün çalışmalıyıq. İndi minlərlə hazırlanmış “Komando” birliklərində təmsil olunan peşəkar hərbiçilər Qarabağda təhlükəsizliyin təminatı kimi fəaliyyət göstərir. Kiminsə ağlına revanşist hisslər düşsə mütləq cəzasını çox ağır şəkildə alacaqdır. Eyni zamanda hüquqi müstəvidə də mübarizə ilə bağlı ismarıclar açıq şəkildə dövlət başçısı tərəfindən verilmişdir. Həm milli-mənəvi, mədəni abidələrin dağıdılması, həm təbiətimizin, milli sərvətlərimizin 30 illik işğal dövründə talan edilməsi, həm də hüquqları pozulmuş vətəndaşlarımızın fərdi hüquqlarının təmin olunması ilə bağlı beynəlxalq arenada hüquqi mübarizə də davam edəcəkdir.
Danılmaz faktdır ki, dünyada ikili standartlar var və biz bu ədalətsizlikdən ən çox zərərçəkən xalq kimi qlobal ədalətin təminatı istiqamətində ciddi təşəbbüslər göstərmişik. Vətən Müharibəsində “PUA”-lardan istifadə edəndə dünya bu silahlara birmənalı yanaşmırdı. İndi isə Rusiyaya qarşı Ukrayna eyni silahları tədbiq edərkən qərb onları “mələk” adlandırır. Dünya Buçada baş verənləri soyqırım adlandırdığı halda Xocalıda baş verənlərə isə hələ də bir çox dövlətlər münasibət bildirməmişdir. Son günlərin süni aktuallaşdırılmış mövzusu olan Qarabağda yaşayan ermənilərin bir neçə gün qazsız qalmasına da dövlət başçısının mövqeyi təqdirəlayiqdir. Doğrudan da Avropa dövlətlərinin, böyük şəhərlərin bir çoxlarında qaz yoxdur. Məgər onlarda hümanitar təlatümmü yaşanır? Və yaxud da Prezidentin vurğuladığı kimi Naxçıvan on beş il qazsız qalanda niyə heç bir dünya dövləti bu haqsızlığa reaksiya vermədi? Cənab Prezidentin verdiyi siyasi ismarıcları dünya birliyi doğru qəbul etməlidir. Əlbəttə, Azərbaycan öz suveren torpaqlarında erməni millətindən olan vətəndaşlarını bütün vacib həyatı tələbat vasitələri təmin edəcəkdir. Qarabağda yaşayan ermənilərin Azərbaycanla gələcəyi daha parlaqdır. Bunu özləri daha yaxşı başa düşürlər.