Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalqı qarşısında göstərdiyi xidmətləri sayəsində xalq onun ətrafında toplanmışdır
Badamxanım Kərimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 276 saylı körpələri evi və uşaq bağçasının tərbiyəçisi
Bildiyimiz kimi, ilk dəfə 1918 – ci il mayın 28 – də Milli Şuranın İstiqlal Bəyannaməsi qəbul edilərək Azərbaycan Respublikasında müstəqillik qurulmuşdur. 23 ay davam edən müstəqillik müddətində Azərbaycan öz ərazisində tam dövlət hakimiyyətinə malik olmuşdur. Azərbaycanda müstəqil dövlətə xas olan təsisatları – höküməti, ordusu, parlamenti, maliyyə sistemi yaradılmışdır. O zaman Azərbaycan hətta xarici dövlətlərlə diplomatik münasibətlər belə yaratmışdır. Lakin 1920 – ci il aprelin 27 – 28 – də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və hərbi cinayət törədərək müharibə elan etmədən öz silahlı qüvvələrini Azərbaycana yeritdi. Azərbaycan Respublikasının ərazisini işğal etdi, zorakılıqlar törətdi. Bir sözlə Azərbaycan Respublikasının müstəqilliyinə son qoydu.
70 il ərzində Azərbaycan SSR – nin tərkibində çox əziyyətlər çəkdi. İnsan haqları tapdalandı, milli sərvətlərimiz talan olundu.70 ildən sonra nəhayət ki, Azərbaycanın üzərindən qara buludlar çəkilməyə başladı. Azərbaycan Respublikasının Ali Sovetinin 1991 – ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, ölkəmiz üzərinə sanki, nur ələndi. Azərbaycan Respublikasının müstəqilliyi, siyasi və iqtisadi quruluşu təsis edildi.
Ulu Öndərin Azərbaycan Respublikası üçün etdikləri, kitablara sığmaz dərəcədə çoxdur, danılmazdır. Onun Azərbaycanı dirçəltməsi Azərbaycan xalqı üçün müsbət nəticələrlə yaddaşlarda qaldı. İnsan hüquqları bərpa olundu, təhsil sahəsi, mədəniyyət sahəsi, iqtisadiyyat inkişaf etdi. Hərbi sahə inkişaf edərək Milli Ordu yaradıldı. Şair və sənətkarlara heykəllər qoyuldu, savadlı kadrlar yetişdirildi, savadlı gənclər Ulu Öndərin nəzarəti ilə xarici ölkələrdə təhsil alma hüququna malik oldular. Ölkəmiz çiçəklənmə dövrünü yaşamağa başladı. Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqını digər ölkələrdən geri qalmasına izin vermədi. Xarici ölkələrlə əməkdaşlıqların, dostluqların, qardaşlığın təməli qoyuldu.
Dövlət rəmzləri bərpa edildi. Ümumilli Lider Heydər Əliyev xalqının rahatlığı və müstəqilliyi üçün əlindən gələni əsirgəmədi. Dahi şəxsiyyət xalqını o qədər düşünürdü ki, bugündə ölkəsini və xalqını etibarlı insana əmanət etmişdir.
Xalqın dadına çatan, səsinə səs verən Ümumilli Lider Heydər Əliyev 70 il arxa – dayağsız qalan xalqına dayaq oldu. Onları birliyə səslədi. 1991 – ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalqı qarşısında göstərdiyi xidmətləri sayəsində xalq onun ətrafında toplanmışdır. Buna görə də 1992 – ci il noyabrın 21 – də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfrasında partiyanın sədri seçildi. Naxçıvanda çalışdığı müddətdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və peşəkarlığı sayəsində YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi.
Prezident cənab İlham Əliyev sayəsində Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi. Bu gün Yeni Azərbaycan Partiya təşkilatları, Prezidentin rəhbərliyi ilə bir çox yeni işlərə imza atmışdır. Gənc tələbələr, savadlı şagirdlər üçün uğurlu yollar açan YAP təşkilatları, bugünkü gündə savadlı gəncləri, gənc kadrları üzə çıxararaq dəstək olurlar. Peşəkar bacarıqları olan insanlara dəstək olurlar. Biz gənclərdə YAP təşkilatlarına üzv olaraq bacardığımız qədər Prezident İlham Əliyevin hər zaman yanında olduğumuzu bildirmişik. Hər zaman da yanında olacağımızı, dəmir yumruq kimi möhkəm olacağımızı bildiririk.