Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır
Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi
Aprelin 4-də Bakıda, Gülüstan sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirildi. Qeyd edək ki, Cənubi Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir ki, Bakıda toplaşır. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatıldığı tədbir olduqca mühüm əhəmiyyət kəsb edir. Toplantının əsas məqsədi enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması, həmin məsələlərin həllində birlikdə səy göstərməkdir.
Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin dedikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır. Enerji şirkətimiz – Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlounma, həm də çatdırılma ilə məşğuldur. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Həmin ölkələrin əksəriyyəti Avropa ölkəsidir. Qaz təchizarımızın coğrafiyası ilbəil genişlənir.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün arteriyadır. Azərbaycanda fəaliyyət göstərən bir sıra yeni neft və qaz yataqlarının fəaliyyətindən söhbət açan dövlət başçısı bu sahədə layihələrin maliyyələşdirilməsində də əməkdaşlığın vacibliyini vurğuladı. Eyni zamanda Günəş və Külək enerji stansiyalarına aid sərmayələrin də əhəmiyyətindən bəhs olundu.
Toplantı zamanı Bakıda keçirilən genişmiqyaslı tədbir COP-29-da irəli sürülən təkliflərdən bəhs olundu. Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel layihəsinin müzakirəsi həyata keçirildi. Bu toplantı bir daha Azərbaycanın hər bir sahədə olduğu kimi, enerji sahəsində də inkişafını, dünya ölkələrinin Azərbaycana olan marağını təsdiqlədi. Bir daha bu sahənin inkişafında əməkdaşlığın vacibliyini sübut etdi. Xalqımızın rifahı üçün belə toplantıların əhəmiyyəti isə danılmazdır.