Prezidentin sərəncamı ilə 26 avqust rəsmi olaraq “Laçın şəhəri günü” elan olundu

Aynurə Rzayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Laçın Şəhəri Günü — 2022-ci il avqustun 26-sı Laçın şəhəri, həmçinin Zabux və Sus kəndlərinin Azərbaycan Respublikasının nəzarətinə qaytarılması ilə əlaqədar təsis olunmuş əlamətdar gündür. Bu hadisə Azərbaycan xalqı üçün həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Laçın rayonu coğrafi mövqeyi və strateji yolların üzərində yerləşməsi ilə xüsusi önəm daşıyır. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu 30 ilə yaxın müddət ərzində Azərbaycanın nəzarətindən kənarda qalmışdır. Bu dövrdə şəhər və kəndlər dağıntılara məruz qalmış, əhalisi məcburi köçkün həyatı yaşamalı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2022-ci il tarixli sərəncamı ilə 26 avqust rəsmi olaraq “Laçın şəhəri günü” elan olundu. Bu, yalnız tarixi bir faktın rəsmiləşdirilməsi deyil, həm də xalqımızın yaddaşında əbədi qalacaq simvolik bir addım idi. Hər il avqustun 26-sı ölkəmizdə müxtəlif tədbirlər, konsertlər, elmi konfranslar və anım mərasimləri ilə təntənəli şəkildə qeyd olunur.
Beləliklə, 26 avqust təkcə bir tarixi gün deyil, həm də azadlığın, suverenliyin və dövlətçiliyin qələbə rəmzidir. Bu gün Azərbaycan xalqının həmrəyliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi kimi əbədi yaddaşımızda qalacaqdır.