Prezidentin İtaliya səfəri və Beynəlxalq Çernobbio Forumunda çıxışı Avropada böyük marağa səbəb olmuşdur

Prezidentin İtaliya səfəri və Beynəlxalq Çernobbio Forumunda çıxışı Avropada böyük marağa səbəb olmuşdur

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Gələn ay müstəqil Azərbaycan Respublikası öz suverenliyinin 31-ci ildönümünü qeyd edəcəkdir. Müstəqilliyin ilk illərini nəzərə almasaq, Ulu Öndərin Heydər Əliyevin hakimiyyətə qayıdışından bu günə qədər ölkəmiz balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bütün tərəflərə bərabər yanaşma, milli maraqlar naminə bütün dünya ölkələri ilə qarşılıqlı sülh-əminamanlıq bizim keyfiyyət kredomuza çevrilmişdir. Vətən Müharibəsinin tərəfimizdən qalibiyyətlə tamamlanması və dünyada xüsusi ilə də müharibə cəhdinin deyil, birbaşa müharibələrin baş verməsi bizə olan marağı daha da artırmışdır. 1994-cü ildə öz təbii sərvətlərini dünya ölkələrinin, bazarlarının diqqətinə çatırmaqda daha çox təşəbbüskar olan Azərbaycanla indi əməkdaşlığa daha çox maraq yaranmışdır.

Son altı ay ərzində xarici siyasətimizə Qərb, Avropa meyilləri inteqrasiya olunur. Rusiya-Ukrayna müharibəsi yaxınlaşan qış ərəfəsində Avropa ölkələrinin qaza olan tələbatını artırmaqla onları müharibənin səbəbkarı hesab etdikləri ölkədən asılı hala salmışdır. İndi Avropa ölkələri alternativ qaz mənbələri axtarmağa və hər il milyardlarla avroluq tələbatlarını Rusiyadan yan keçirməyə çalışırlar. Bununla bağlı ölkəmizə avropalı rəsmilərin və Avropaya Prezident cənab İlham Əliyev tərəfindən edilmiş səfərlərin böyük əhəmiyyəti vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Bunun üçün siyasi iradə, investisiya və əlbəttə, texniki şərtlərin yerində olması böyük əhəmiyyətə malikdir.

Azərbaycan bir çox beyin mərkəzlərinə ev sahibliyi edir və Prezident cənab İlham Əliyevin himayədarlığında faydalı müzakirələr həyata keçirilir. Avropanın ən dəyərli beyin mərkəzləri Vətən Müharibəsindən sonra regionda sülh və əməkdaşlığı bərpa etmək üçün faydalı müzakirələr təşkil etməkdədirlər. Prezident cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı İtaliyada böyük marağa səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dəvəti ilə İtaliyaya səfər etmiş və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etmişdir. Xatırladım ki, bu beyin mərkəzi 1965-ci ildən İtaliyanın və Avropanın maraqlarına uyğun olan, iqtisadiyatın inkişafına xidmət edə biləcək potensial tərəfkeşlər axtarılması işini və bu istiqamətdə, yəni ölkənin təhlükəsizliyinin qorunması, dövlətin daha da güclü və qüdrətli olması üçün, siyasi və geosiyasi mövqelərin daim möhkəmləndirilməsi üçün siyasətçilər, iqtisatçılar, alimlər daim müzakirələr aparır və bu istiqamətdə onlara fayda verə biləcək böyük alimlərin, siyasətçilərin və potensiyala malik dövlət başçıları ilə ikitərəfli münasibətlər qurulması siyasətini təşviq edirlər.

Beynəlxalq Çernobbio Forumu eyni zamanda da Avropadakı böyük şirkətlərin biznes fəaliyyətlərini təhlil edir. İtaliya üçün böyük əhəmiyyətə malik yüksək vəzifəli həssas qonaqların iştirakı vacib müzakirələrin əhəmiyyətini daha da artırır. Ötən illərdəki qonaqlar sırasında Co Bayden, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron, Şimon Perez və digərləri olmuşlar. Göründüyü kimi Avropada baş verən iqtisadi meyillərin siyasətə təsirinin, inteqrasiyasının müzakirə olunduğu bu platforma böyük nüfuza malikdir.

Prezident cənab İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı ilk olaraq Azərbaycan-İtaliya münasibələrinə toxunaraq bildirmişdir ki, ölkəmiz İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İndi ölkəmiz eyni zamanda İtaliyaya ixrac edəcəyi qazın həcmini də artırmışdır. Bizim əməkdaşlığımız yalnız enerji sahəsini əhatə etməməkdədir. İtaliya həm də Azərbaycanın NATO-ya və Aİ-yə inteqrasiyasını dəstəkləyən ölkələrdəndir.

İtaliya eyni zamanda da Azərbaycanın haqlı mübarizəsində ədalətli mövqe tutmuşdur. Bunun nəticəsi kimi indi azad olunmuş ərazilərin bərpa işlərində Türkiyədən sonra ikinci yeri məhz İtaliya  şirkətləri tutmaqdadır. Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Son səfər çərçivəsində Azərbaycan-İtaliya Universitetinin yaradılması və ADA universiteti ilə İtaliyanın beş universiteti arasında əməkdaşlıqla bağlı rəsmi sənədlərin imzalanması da ölkələr arasında münasibətlərimizdə yeni mərhələdir.

Prezident cənab İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı Azərbaycanın enerji siyasətini üç tarixi mərhələyə bölmüşdür. İlkin olaraq 1994-cü il əsrin müqaviləsinin imzalandığı dövrdə Azərbaycan dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə cəlb etdi və bununla da Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi tanıtmağa başladı.

İkinci mərhələ Cənub Qaz Dəhlizinin yaradılması dövrüdür. Bu dəhlizə sərmayə qoyulanda bir çox mənbələr bəlkə də bizləri qınayırdılar. Bu gün isə Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Uzunluğu 3500 km olan dağların zirvələrindən, dənizlərin dibindən keçən Cənub Qaz Dəhlizi 3 hissədən ibarət nəhəng layihədir. TANAP, TAP və Cənub Qaz Boru Kəməri indi Avropanı qazla təmin edəcək ən etibarlı dəhlizdir. Lakin regionumuzda sülhün təminatı ilə bağlı Zəngəzur dəhlizinin açılması Avropaya qaz ixracında böyük məsafələri qısaltmaq hökmündədir.

Üçüncü mərhələ isə bərpaolunan enerji mənbələrinin tədbiqidir. İstər Xəzər dənizində, istərsə də azad olunmuş ərazilərdə böyük yaşıl enerji və bərpaolunan enerji potensialları vardır. Məlumat üçün deyim ki, 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.  Biz daxili enerji istehlakını azaltmaqla və daxili enerji tələbatını bərpaolunan enerji mənbələrinin hesabına təmin etməklə bu sahəyə istifadə olunan qazı da Avropaya ixrac etməyi planlaşdırırıq. Həm də bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Göründüyü kimi Azərbaycan həm resurslara sahib ölkə, həm də qonşu ölkələrin mənbələrini Avropaya çatdıracaq tranzit ölkə kimi böyük potensiala malikdir.

Bildiyimiz kimi cənab Prezident Brüselldən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İtaliyaya səfərə yollanmışdı. Bizim yaratdığımız və qəbul etdirdiyimiz yeni reallıqları yalnız Ermənistan deyil, bütün dünya qəbul edir. Çünki Azərbaycan sülh, əminamanlıq və əməkdaşlıq vəd edir ki, bunun da alternativi yoxdur. Azərbaycanın təklif etdiyi sülh danışıqlarının baza prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması üçün artıq ilkin görüşlərin vaxtı bəllidir.

Azərbaycan böyük və məsuliyyətli tarixi bir mərhələni həll etmək üzrədir. Bu amil dövlət başçısı cənab İlham Əliyevə olan hörməti və ehtiramı artıqmaqdadır. İstər İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi, Beynəlxalq Çernobbio Forumunda iştirakı, istərsə də Avropanın müxtəlif informasiya agentliklərinə verdiyi ayaqüstü müsahibələr zamanı Prezident cənab İlham Əliyevə olan ehtiram və etimad hiss olunmaqdadır. Həm qalib ölkənin müzəffər rəhbəri kimi, həm də mürəkkəb bir regionda sülh və əməkdaşlığı təmin etməyə çalışan bir müdrik lider kimi ona xüsusi yanaşma vardır.  Prezident cənab İlham Əliyev öz tutarlı və etibarlı siyasəti ilə ölkəmizə və xalqımıza başucalığı gətirməkdədir. O, müzəffər komandan, dahi siyasətçi və müdrik diplomat olduğunu hər bir platformada nümayiş etdirnək qabiliyyətinə malikdir.