Prezidentin irəli sürdüyü fikirlər yeni dövrün yol xəritəsidir
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Bütün yeniliklərin formalaşması prosesi ağrılı və çətin olur. Biz də müasir müstəqilliyimizin 33-cü ilində bütün ərazi bütövlüyümüzü tam təmin etdikdən sonra tərəqqimizin yeni dövrünə addım atırıq. Əlbəttə, bu günə qədər necə ki, çətinliklərlə, mübarizələrlə, qurbanlarla, şəhidlərlə gəlmişik, bundan sonra da milli maraqların təminatı istiqamətində cəsarətli addımlar ataraq yeni dövrə qədəm qoyuruq. 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri yeni dövrün açarı, başlanğıcıdır. Xalqımız gənc və müstəqil ölkə kimi tarix üçün o qədər böyük müddət hesab olunmayan 33 ildə bir çox tarixi uğurlara imza atmışdır. İndi isə yeni, dinamik və böyük hədəflərin olduğu mərhələyə qədəm qoymağın vaxtıdır.
2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində Prezident cənab İlham Əliyev yeni dövrdə Azərbaycanın gələcək konseptual konturlarını, yaranmış yeni reallıqların fövqündə meydana çıxacaq çağırışlara verəcəyimiz adekvat reaksiyaları, gələcəyimizin inşa edilməsində cəmiyyətin, xüsusi ilə də gənc nəslin milli-mənəvi, vətənpərvər ruhda tərbiyəsi ilə bağlı hədəfləri özündə ehtiva edən proqramı açıqlamışdır. Hesab edirəm ki, möhtərəm Prezidentin irəli sürdüyü fikir, söz, verdiyi tapşırıq və tövsiyyə cəmiyyətin hər bir üzvü üçün müasir, inkişaf etmiş, güclü, qalib Azərbaycan naminə yol xəritəsi, mayak və göstərici olmalıdır.
Andiçmə mərasimində Prezident cənab İlham Əliyev geniş proqram nitqi ilə çıxış etmişdir. Dövlət başçısı həm keçmiş dövrün hesabatını, həm də yeni dövrdə atılacaq bir çox addımlarla bağlı tapşırıqlarını vermişdir. Bir çox daxili sosial bazaya və xarici dairələrə istiqamətlənmiş çox dəyərli təhlillərlə ölkəmizin gələcək inkişaf meyarlarını müəyyən etmişdir. Təhlil xarakterli çıxışı zamanı bir çox məqam öz əhəmiyyəti ilə diqqət çəkmişdir ki, onlardan biri də dövlət başçısının üslubu, xitab şəklidir. Cənab Prezidentin istifadə etdiyi ifadələr, söylədiyi fikirlər Azərbaycan xalqına, onun dilinə, milli-mənəvi dəyərlərinə verdiyi böyük dəyərin ehtivasıdır. Danışıq üslubunda xalqa yaxın ifadələri rəsmi cümlələrdən üstün tutması Prezidentin xalqı ilə arasındakı sıx əlaqəsinin də sübutudur.
Prezident keçmiş Qarabağ müharibəsi, anti-terror tədbirləri, son sərhəd qarşıdurması, əhalinin sosial-iqtisadi rifahı, şəhid ailələri və qazilərə dövlətin münasibəti və digər vacib məqamlara toxunaraq statistik rəqəmlərlə iyirmi illik hakimiyyəti dövründə hardan-hara gəldiyimizi əyani ifadə edib. Prezident əlbəttə, onu da əlavə edib ki, bu rəqəmlər onu qane etmir və inkişaf davam etməlidir. Yeni hədəflər kimi iş yerlərinin açılması, istehsal sahələrinin formalaşdırılması iqtisadi müstəqilliyimizin davam etməsi böyük əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın reallaşması isə bizim milli-mənəvi dəyərlərimizin yüksəldilməsi ilə yanaşı, iqtisadi potensialımızın da artmasına gətirib çıxaracaqdır. Prezident bu məsələ ilə bağlı da xoş xəbəri verdi. 2026-cı ilə qədər ilkin mərhələnin başa çatacağını və nəticədə 140 min insanın öz ata-baba yurduna qayıdacağını ifadə etmişdir.
Gələcək nəsillərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, əldə olunan müsbət ab-havanın davam etməsi, qəhrəmanlar yetişdirən məktəblərin, təhsil ocaqlarının öz işini daha da gücləndirərək davam etdirməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqlar böyük əhəmiyyətə malikdir.
Keçmiş Dağlıq Qarabağ münaqişəsi bitib və onu hələ ölü ruh kimi canlı saxlamağa çalışanlara “gedin öz işinizlə məşğul olun” demək, bu ifadəni səsləndirmək həm siyasi cəsarətin, həm də xalqı ilə həmrəyliyin təzahürüdür. Prezident çox doğru ifadə etmişdir ki, daxildə düşmən yoxdur. Olanlar da zərərsizləşdirilib. İndi əsas düşmənlər və düşmən fikirlər, ideyalar, yanaşmalar ölkə xaricindən gəlir və bu işdə ilk hədəf yeni formalaşan gənclikdir. Onlarla işin təşkili çox mühümdür. Çünki, hər nə qədər müasir silahlarla arsenalımızı gücləndirsək də nəticədə ölümə gedən, bayrağı ucaldan, canını qurban verən insandır. Məhz bu səbəbdən gənclərin tərbiyəsi vacib, çox mühüm vəzifədir.
Əminliklə ifadə etmək istərdim ki, Azərbaycan xalqı yenidən sabitliyə, davamlı və dayanıqlı inkişafa, əldə olunmuş şanlı zəfərlərin davamına səs vermişdir. Seçkilərdə müşahidə olunan yüksək seçici fəallığı və möhtərəm İlham Heydər oğlu Əliyevin topladığı səs faizi bir daha deməyə əsas verir ki, müdrik xalqımız növbəti dəfə doğru qərar verərək Qalib Xalqın Qalib Liderini seçmişdir! Bu sevgi, bu hörmət və etimadın nəticəsində seçkilərdə bu qədər yüksək nəticə əldə olunmuşdur. Məhz bu səbəbdən də Prezident ilk təşəkkürünü öz xalqına etdi. Onu seçən, sevən, etimad göstərən xalqına lider kimi öz minnətdarlığı ilə başladığı nitqini elə eyni təşəkkürlə də bitirdi.
Sonda 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və bütün Azərbaycan xalqı tərəfindən yekdilliklə dəstəklənərək növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş doğma partiyamızın sədri, Müzəffər Ali Baş Komandan, Qarabağ Fatehi cənab İlham Heydər oğlu Əliyevi YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri və Suraxanı rayon zəhmətkeşləri adından səmimi qəlbdən təbrik edir, ona çətin, ağır olduğu qədər də taleyüklü və şərəfli vəzifəsində müvəffəqiyyətlər arzulayırıq.