Prezidentin Forumda səsləndirdiyi fikirlər diplomatik ritorika deyil, xalqın iradəsidir

Prezidentin Forumda səsləndirdiyi fikirlər diplomatik ritorika deyil, xalqın iradəsidir
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
2025-ci il iyulun 20-də Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu çıxışı ilə Şuşadan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği,həm də Azərbaycanın Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. Azərbaycan artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır.

Bu ilki Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatıldı. Dövlət başçısı üç saatdan artıq media nümayəndələrinin suallarını ətraflı cavablandırdı və demək olar ki, bütün mövzuları əhatə etdi.Artıq neçə gündür ki,xarici media Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırmaqdadır. Bu, Azərbaycan liderinin nüfuzundan, beynəlxalq müstəvidə ona olan maraqdan irəli gəlir.

Prezident cənab İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. 

Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu unikallıq baxımından geosiyasi körpü statusuna yüksəldir. Beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir.

Ölkəmizin başçısı Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj da verdi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir. 

Azərbaycan lideri İlham Əliyevin III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunaraq Zəngəzur dəhlizi ilə bağlı proseslərin ləngiməsi və Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmaması ilə bağlı narahatlığını da ifadə edib.”Təəssüflər olsun ki, Ermənistan tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə bağlı heç bir praktiki addım atmayıb. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Yəni, regional ticarət yollarından, yük daşımalarından, enerji və nəqliyyat şəbəkələrindən kənarda qalacaq”.

Forumun əsas müzakirə mövzularından biri də süni intellekt dövründə informasiya təhlükəsizliyi və rəqəmsal media keçidinin idarə olunması idi. Azərbaycanda media sektorunun rəqəmsallaşması, süni intellektin media istehsalına və yayımına təsiri, dezinformasiya ilə mübarizədə texnoloji həllərin tətbiqi geniş analiz edilib. Bu dəyişikliklərə cavab vermək üçün ölkəmizin media ictimaiyyəti çevik, peşəkar və etik dəyərlərə sadiq şəkildə fəaliyyət göstərir.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumda səsləndirdiyi fikirlər, qonşuların münasibətlərinə əsaslanan çoxşaxəli diplomatiyaya önəm verməklə, Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də strategiyanın bir hissəsi kimi regional balansın təmin edilməsinə çalışdığını göstərir.

III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəaldır. Ümumiyyətlə bu Forumda ölkə başçısının çıxışı, Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının istiqamətini göstərir.