Prezidentin 8 dekabr 2025-ci il Slovakiya səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi
Təhminə Əsgərli
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllimi
8 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bratislavada keçirilən görüş zamanı Slovakiya Prezidenti Peter Pellegrini bu səfərin əhəmiyyətini vurğulayaraq bəyan etdi: “Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir və qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiqləyir”. Azərbaycan Prezidenti isə qeyd etdi ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır, bu münasibətlər qarşılıqlı hörmət və real iqtisadi layihələr üzərində qurulub.
Səfərin gündəliyində enerji əməkdaşlığı xüsusi yer tutmuşdur. Məlumdur ki, Azərbaycan artıq dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edir. Prezident İlham Əliyev də öz çıxışında bunu xüsusi vurğuladı. Bu fikri real faktlar təsdiqləyir: SOCAR 1 dekabr 2024-dən etibarən Slovakiyanın ən böyük enerji operatoru olan SPP şirkətinə qaz tədarükünə başlayıb və Slovakiya Avropada Azərbaycan qazı alan ölkələr sırasına daxil olub. Bundan başqa, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya operatorları ilə SOCAR arasında imzalanan memorandum Cənub Qaz Dəhlizi üzərindən yeni marşrutlarla Avropaya qazın çatdırılmasını genişləndirməyə imkan yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi üçün vacibdir.
Danışıqlar zamanı müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulandı. Xüsusi qeyd olundu ki, regionda təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə Slovakiya ilə hərbi-texniki əməkdaşlıq, texnologiya transferi və kadr hazırlığı kimi istiqamətlər strateji xarakter daşıyır. Azərbaycan Prezidenti bəyanatında bunu birbaşa vurğulayaraq və bu sahədəki perspektivlərdən danışaraq qeyd etdi ki, bu həm ikitərəfli münasibətlər, həm də Avropa-Cənubi Qafqaz təhlükəsizlik arxitekturası üçün əhəmiyyətlidir.
Prezident İlham Əliyev Slovakiyanın inkişaf modelinə də münasibət bildirdi: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir”. Bu ifadə rəsmi diplomatik komplimentdən daha geniş məna daşıyır: Azərbaycan üçün Slovakiyanın Avropa məkanında modern iqtisadiyyat qurması, innovasiyalar, infrastruktur və ticarət sahəsində təcrübəsi maraq doğurur. Bu model enerji resurslarına malik Azərbaycan üçün yeni əməkdaşlıq istiqamətlərinin açılması baxımından praktiki əhəmiyyətə malikdir.
Prezident çıxışında Azərbaycan xarici siyasətinin prinsiplərini də xatırladaraq bildirdi ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib və bu prioritetlər suverenlik, regional sabitlik, əməkdaşlıq və çoxtərəfli diplomatiya üzərində qurulub. Slovakiya ilə tərəfdaşlıq isə Avropa İttifaqı ilə dialoqun mühüm hissəsi kimi qiymətləndirilir. Gələcək planlara toxunan dövlət başçısı gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyimizdən danışdı. O çıxışında bildirdi ki, bu, Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşağına çevrilməsi strategiyasının davamıdır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində olan Azərbaycan Slovakiya ilə əməkdaşlıq nəticəsində malların və enerji resurslarının tranzitini artırmaq niyyətindədir.
Səfərdə verilən siyasi bəyanatlar, həmçinin faktlar göstərir ki, Azərbaycanda kifayət qədər böyük enerji potensialı var və bu potensial Avropanın enerji xəritəsində getdikcə daha mühüm rol oynayır. Slovakiya ilə əməkdaşlıq bu kontekstdə yalnız ikitərəfli iqtisadi maraq deyil, həm də Avropa enerji təhlükəsizliyinə strateji töhfə deməkdir.
Nəticə olaraq, Prezident İlham Əliyevin Slovakiya səfəri və mətbuata verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin real məzmununu ortaya qoydu: enerji sahəsində konkret layihələr, müdafiə sənayesi üzrə perspektivlər, nəqliyyat və loqistika əlaqələrinin genişləndirilməsi, diplomatik etimad və qarşılıqlı dəstək. Bu əməkdaşlıq sadəcə dostluq ifadəsi deyil, gələcək illərdə yeni iqtisadi, siyasi və təhlükəsizlik layihələri üçün stabil əsas deməkdir. Səfər göstərdi ki, Bakı və Bratislava arasında strateji tərəfdaşlıq artıq deklarativ mərhələni keçərək praktiki nəticələr mərhələsinə daxil olmuşdur və Avropanın enerji diversifikasiyası və sabitliyi baxımından mühüm və önəmli addımdır.