Prezident XIII Qlobal Bakı Forumunda Sülh Modelinin konseptual əsaslarını dünya ictimaiyyətinə təqdim etdi
Sevinc Səlimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin əməkdaşı
30 illik İşğal dövründə dövlətimizin qarşısında duran əsas məqsəd sülhün və suverenliyin bərpası idi. Azərbaycan üçün regional təhlükəsizlik məsələsi ən vacib mövzu olmuşdur və vacib məsələ olaraq qalır. Bu reallıq göstərir ki, sülh sadəcə müharibənin olmaması deyil, dövlətin öz ərazilərinə tam nəzarət etməsi və təhlükəsizlik mühitini daxili və xarici təhdidlərdən qorumasıdır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı bu yeni Sülh Modelinin konseptual əsaslarını dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycanın son illərdə nümayiş etdirdiyi dövlətçilik təcrübəsi göstərir ki, real və davamlı sülh yalnız hərbi güc və sarsılmaz siyasi iradənin harmonik vəhdəti sayəsində mümkündür. Baxmayaraq ki, müasir beynəlxalq münasibətlər sistemində sülhün əldə olunması və qorunub saxlanılması tez-tez diplomatik masalarda aparılan müzakirələrin nəticəsi kimi təqdim olunur.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin onilliklər boyu icra olunmaması beynəlxalq aktorların selektiv yanaşmasının nəticəsi idi. Təəssüf ki, beynəlxalq hüquq normaları bəzən yalnız kağız üzərində qalır və real nəticə vermir. Azərbaycanın 30 illik işğal təcrübəsi buna ən acı nümunədir. Bu mənfi təcrübə sübut etdi ki, ədalət və beynəlxalq hüquq sizin tərəfinizdə olsa belə, sülhə nail olmaq üçün bəzən hərbi güc tətbiqi qaçılmazdır.
Təhlükəsizlik həm regional, həm də qlobal səviyyədə səylərin birləşdirilməli olduğu əsas faktordur. Beynəlxalq arenada artıq aydın şəkildə dərk edilir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlətin milli gündəliyində bir nömrəli prioritet məsələdir. Çünki bu fundamental amillər təmin edilmədən, iqtisadi tərəqqi, sosial rifah və digər bütün sahələrdə əldə olunan uğurlar öz mahiyyətini itirir və ciddi risklərlə üzləşir.