Prezident İlham Əliyevin sosial siyasəti sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır
Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin davamlı şəkildə artan iqtisadi imkanları əhalinin sosial rifahının təmin edilməsinə mühüm töhfələr verib. Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”- deyən cənab Prezident bunu əməlində də sübut edir. Cənab İlham Əliyev prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul edib, humanist qərarlar, fərman və sərəncamlar imzalayır.
Prezident İlham Əliyevin sosial siyasəti sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.
2022-ci il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Ötən il minimum əməkhaqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum pensiya məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib. Ümumilikdə ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilib.
Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb. Azərbaycanda əhalinin sosial müdafiəsi növbəti illərdə də diqqət mərkəzində olacaq. 2021-ci ildə hazırlanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biri məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Bu istiqamətdə həyata keçiriləcək islahatlar inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə imkan yaradacaq.
Həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını isbatlayır. Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq, insanların yaşayış səviyyəsini daha da yüksəldəcək.