Xatirə Cəfərova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Məlum olduğu kimi, may ayının 25-də Moskva şəhərində Azərbaycan və Rusiya dövlət başçılarının görüşü baş
tutub. Görüşdə çıxış edən Rusiya dövlət başçısı Vladimir Putin İlham Əliyevin qonaq qismində iştirakında qonaq adının formal xarakter daşıdığını dilə gətirərək iki dövlət arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Dövlət başçısı eyni zamanda çıxışında 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqında Bəyənnaməyə də toxunub. Vladimir Putin Heydər Əliyevin 100 illiyi haqqında da danışıb. O, Heydər Əliyevin iki dövlətin tarixini birləşdirən sima olduğunu bildirib. Heydər Əliyevin yubileyinin Rusiyada da layiqincə keçirildiyini, sənədli filmlərin nümayiş etdirildiyini qeyd edib.
Vladimir Putinin çıxışından sonra sözə başlayan İlham Əliyev dəvətə görə təşəkkürünü bildirib. Təşkilatın sammitində ilk dəfə iştirak etdiyini bildirən İlham Əliyev həmkarlarla fikir mübadiləsinin uzun müddətdir aparıldığını qeyd edib. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən hörmətə görə bir daha təşəkkür edərək bunu yüksək qiymətləndirdiyini dilə gətirib. Rusiya ilə Azərbaycan arasında münasibətlərin Heydər Əliyev, Vladimir Vladimiroviçin səyləri nəticəsində hazırki səviyyəyə gəldiyini qeyd edən dövlət başçısı çıxışında Vladimir Putinin 2001-ci il səfərini də xatırladıb.
İlham Əliyev üçtərəfli görüşdə Azərbaycan və Ermənistanın sülh razılaşmasına gəlməsində Rusiyanın iştirakını yüksək qiymətləndirib. Ermənistanın Azərbaycan Respubikasının sahəsini konkret rəqəmlə ərazi bütövlüyünü tanımasından sonra iki dövlət arasında normal münasibətlərin inkişaf etməsinin mümkün olduğunu qeyd edib. İlham Əliyev “Şimal- Cənub” nəqliyyat dəhlizi haqqında da danışıb və eyni zamanda ölkənin bir hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb.
Prezident İlham Əliyevin çıxışından dərhal sonra sözə başlayan Nikol Paşinyan Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları irəli sürdüyünü bildirərək Zəngəzur dəhlizinin 2020-ci il bəyanatında göstərilmədiyini, eyni zamanda Azərbaycanın müqaviləyə əməl etməyərək Laçın dəhlizində nəzarəti ələ aldığını və dəhlizi blokladığını buna görə də Dağlıq Qarabağda böhranın hökm sürdüyünü bildirib. Nikol Paşinyanın bu sözlərinə layiqincə cavab verən İlham Əliyev dəhliz ifadəsinin beynəlxalq termin olduğunu, dəhliz ifadəsini işlədərək heç bir dövlətin ərazi bütövlüyünə pozmadığını, onun bu sözlərini sadəcə fantaziyası güclü olan insanların Nikol Paşinyanın anladığı kimi anlaya biləcəyini qeyd edib. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə bu sadəcə bir təşəbbüsdür və irəli sürməyə haqqımız olduğunu əlavə edib. Laçın dəhlizi haqqında Nikol Paşinyanın sözlərinə cavab olaraq dəhlizin bloklanmadığını, insanların gediş-gəlişi üçün heç bir maneənin olmadığını bildirib. Vladimir Putin hər iki tərəfi dinləyərək məsələ barədə iki dövlət arasında həll edilə bilməyəcək bir məsələ qalmadığını və razılığa gəlinə biləcəyini dilə gətirib.
Mayın 25-də baş tutan üçtərəfli aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır.