Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir - neft-qaz həm də siyasi məsələdir.

Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir - neft-qaz həm də siyasi məsələdir.

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəa üzvü, siyasi ekspert

"Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Ölkə başçısının fikrincə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub: “O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik. Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz”.

Prezidentin səsləndirdiyi fikirlərdən çıxan nəticə bundan ibarətdir ki, bəli, Azərbaycan yeri gələndə neft-qaz ixracını siyasiləşdirməlidir. O baxımdan Prezident yuxarıda səsləndirdiyi fikirlərlə nə demək istədi. Azərbaycan gələcəkdə ona dost olan ölkələrə enerji daşıyıcılarının ixracında xüsusi önəm verəcək.

Enerji mənbələrindən lazım gəlsə bundan siyasi məqsədlər üçün istifadə oluna bilər. Çünki həqiqətən də iqtisadiyyatı güclü olmayan ölkənin siyasəti də güclü olmaz. Azərbaycan bir dövlət kimi 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə xarici neft şirkətləri ilə kontrsaktlar imzalandı. Ondan sonra ölkəmiz inkişaf etməyə başladı. Təkcə Azərbaycanın neft-qaz sektoru inkişaf etmədi. Neft gəlirləri hesabına ölkənin qeyri-neft sektoru inkişaf etməyə başladı. Bütün bunların nəticəsində Azərbaycan iqtisadi gücünə görə tanınan ölkələrdən biridir. Bütün bunlar birlikdə 2020-ci ildə Vətən müharibəsində qalib gəlməyimizə imkan verdi.

Reallıq odur ki, artıq dünyada yeni düzən qurulur. Rusiya-Ukrayna müharibəsindən sonra bu bir reallıqdır. Avropa demək olar bütünlükdə Rusiya neft və qazından imtina edir. Bu zaman Azərbaycanın enerji təchizatında rolu daha da artdı. Bu isə Azərbaycanın öz iqtisadi siyasətində yeniliklər etməsini zərurətə çevirir. Bunun nəticəsi idi ki, ötən ilin ortalarında Avropa Komissiyanın sədri Ursula von der Leyen Azərbaycana gələrək ölkə rəhbərliyi ilə enerji sazişi imzaladı. Artıq Azərbaycanın Avropada qaz alıcılarının sayı sürətlə artır. Bizim təsdiq olunmuş qaz resurslarımız 2,6 trlyon kubmetrdir. Əslində isə ehtiyatların bundan çox olduğu güman edilir. Azərbaycanın iqtisadi-siyasi qüdrəti artdığı üçün Cənubi Qafqazda lider ölkəyə çevrilib.

Artıq Azərbaycan Balkan ölkələrinə qaz ixrac edir. Bütün bunlar iqtisadi gücümüzü göstətrməklə yanaşı, siyasi önəmimizi artırır. Bəli, bizim siyasətimiz təhdid xarakterli deyil. Siyasətimiz xoş tərəfdaşlığa söykənir. Eyni zamanda, bizdən qaz alan ölkələr Azərbaycanla dostluq münasibətində olurlar. Azərbaycanın mövqeyini dəstəkləməyi özlərinə borc hesab edirlər. Azərbaycan gələcəkdə ona dost olan ölkələrə enerji daşıyıcılarının ixracında xüsusi önəm verəcək. Bizim üçün prioritet məhz dost ölkələr olacaq, nəinki Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edən ölkələr. Bunu müasir dünyanın geosiyasi reallıqları şərtləndirir.