Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında münasibətlərin tarixi keçən əsrin 90-cı illərindən başlayır. Belə ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Bu hadisə 1991-ci il 12 dekabrına təsadüf edir. 1992-ci ilin iyununda isə hər iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilmişdir. Azərbaycan ərazisi Ermənistan tərəfindən təcavüzə məruz qaldığı ilk vaxtlardan Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdir. İki dövlət arasında dost və qardaş münasibətlər inkişaf edərək bu günkü strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycanın ərazi bütövlüyünü, haqlı mübarizəsini daim dəstəkləmiş Pakistan bu hərbi təcavüzə görə Ermənistanla bu günə qədər diplomatik münasibətlər qurmamışdır. Məlum olduğu kimi 1993-cü ilin aprelin 30-da Kəlbəcərin Emənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 № li qətnaməsinin qəbul olunduğu iclasda Pakistan sədrlik etmişdir.
İki ölkə arasında xoş münasibətlərin əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1994-cü ildə Kasablankada Pakistanın baş naziri Benazir Bhutto ilə görüşündən sonra qoyulmuşdur. Prezidentimiz İlham Əliyev cənabları Ümummilli Liderimizin digər əhəmiyyətli tədbirləri ilə yanaşı bu məsələni də diqqət mərkəzində saxlamışdır. Azərbaycan-Pakistan münasibətlərini yeni səviyyəyə çatdırmağa nail olmuşdur. Bu gün bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdır. İlham Əliyev cənabları bu əlaqələrin inkişafına xüsusi önəm verərək, Pakistan rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri, qarşılıqlı dəstək bu gündə davam edir.
Cənab Prezident 44 günlük Vətən müharibəsində Pakistan xalqının Azərbaycan xalqına, dövlətinin dövlətimizə dəstəyini daim yüksək qiymətləndirmiş, bunu hər çıxışında qeyd etmişdir. Bu baxımdan prezidentimizin 2024-cü il 11 iyul tarixində Pakistan dövlətinə rəsmi səfəri böyük əhəmiyyət daşıyır. Prezidentin vurğuladığı kimi, Cəmmu və Kəşmir məsələsində Pakistan dövlətinin yanındadır. Kəşmirlilərin pozulmuş hüquqları bərpa edilməlidir. Lakin təəssüf ki, Qarabağ məsələsində olduğu kimi bu məsələdə BMT Təhlükəsizlik Şurasının icra mexanizmlərinin yetərsiz olduğunu göstərir. Azərbaycan Qarabağ məsələsini xalqımız dövlət başçımızın, ordumuzun sıx birləşməsi nəticəsində, şəhidlərimizin qanı hesabına həll etdi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirdi. Yəni haqq işimiz qələbə ilə başa çatdırıldı. Beynəlxalq hüquq bərpa olundu. Hazırda Azərbaycan-Pakistan iqtisadi əlaqələri yüksələn xəttlə inkişaf edir. Pakistan iqtisadiyyatına yatırılan sərmayələrin ilkin həcmi 2 milyard dollardır. Prezidentimizin səfəri zamanı energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi diqqət mərkəzində olmuşdur. Ticarət, sərmayələr, sənaye energetika, daşımalar, nəqliyyat dəhlizləri ilə bağlı praktiki, əməli addımlar atılır və bundan sonrada atılacaq. Biz səmimi qəlbdən inanırıq ki, Azərbaycan-Pakistan dostluğu qardaşlığı daim möhkəmlənib, inkişaf edəcəkdir.