Öz azadlığı uğrunda canından və sərvətindən keçməyə hazır olan bu xalq məğlubedilməzdir
Günel Atakişiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
20 Yanvar 1990-cı il! Tarixi qəhrəmanlıq səhifəsi ilə zəngin olan Azərbaycan xalqı məhz bu gün öz tarixinin möhtəşəm bir anını yaşadı. İkinci Cahan müharibəsində- faşizmə qarşı döyüslərdə əski Sovet imperiyasının ordusunda 300 mindən artıq övladı həlak olan böyük xalq elə həmin imperiyanın quduz ordusunun qətliamına məruz qaldı.Təpədən dırnağadək ən müasir silahlarla silahlanmış sovet ordusu Azadlıq eşqi ilə yanan silahsız insanları gülləbaran etdi. Bakı küçələri qana boyandı. Günahsız insanların qanına! 131 Vətən oğlu və qızı Şəhadət zirvəsinə yüksəldi. Yüzlərlə itkin və yaralılar oldu.
Əslində, bu vəhşi tədbirin ssenarisi çoxdan hazırlanmışdı. Mənfur qonşumuz Ermənistanın ötən əsrin 80-ci illərinin sonunda Azərbaycana qarşı təcavüzkarlığını hər vəchlə müdafiə edən Qorbaçov hakimiyyəti xalqımızın azadlıq, müstəqillik uğrunda mübarizəsini boğmağa çalışırdı. Azərbaycanın rəhbərliyində olan səbatsız şəxslər xalqın birliyini təmin etmək, gözlənilən qırğının qarşısını almaq üçün qətiyyətli addımlar atmaq iqtidarında olmadılar.
Yanvarın 20-də səhər saat 05.30-da Bakı şəhərinin komendantı Dubinyakın komendant saatının tətbiq olunması ilə bağlı əhaliyə xəbərdarlığı xəyanətkar, heç bir məntiqə sığmayan addım idi. Artıq qətliam baş vermış, günahsız insanlar vəhşicəsinə gülləbaran edilmişdi. İmperiya rəhbərləri bu vəhşi addımları ilə Azərbaycan xalqının iradəsini qırdıqlarını, onu mənən məhv etdiklərini düşünürdülər. Lakin faciədən iki gün sonra yüz minlərlə insanın çiyinlərində əbədiyyətə qovuşan Şəhidlərin dəfn mərasimi düşmən sinəsinə dağ çəkdi. Xalqın nə qədər mübariz, nə qədər bütöv, nə qədər sarsılmaz olduğu bir daha şübut olundu.Bu səhnəni görən sovet zabitlərindən biri etiraf etmişdi ki, “Öz azadlığı uğrunda canından və sərvətindən keçməyə hazır olan bu xalq məğlubedilməzdir”
İmperiyanın atdığı bu vəhşi addıma ilk reaksiya verənlərdən biri o zaman Moskvada bir çox təzyiqlər əhatəsində olan, lakin qəlbi həmişə Azərbaycanla döyünən Ulu Öndər Heydər Əliyev oldu.1990-cı il yanvarın 21-də O ,həyatını təhlükə qarşısında qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdikləri qətliama etirazla bağlı mətbuat konfransı keçirdi.Ulu Öndər ilk növbədə həyatı qədər bağlı olduğu Azərbaycan xalqına baş sağlığı verdi. O,20 Yanvar hadisəsini hüqüqa ,demokratiyaya ,humanizim prinsiplərinə sarsıdıcı zərbə endirən bir akt kimi qiymətləndirdi.Eyni zamanda Heydər Əliyev SSRİ rəhbərliyini Ermənistan Azərbaycan münaqişəsinə birtərəfli münasibət bəsləməkdə, bu məsələdə bir tərəfin maraqlarını müdafiə etməkdə əsaslı olaraq ittiham etdi və 20 Yanvar hadisəsinin əsas günahkarlardan birinin SSRİ rəhbərliyi olduğunu bəyan etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtat Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr tarixili qərar qəbul etdi. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
34 il keçir, faciəvi, eyni zamanda qəhrəmanlıq simvolu olan 1990-cı ilin 20 Yanvarından! Bu illər ərzində xalqımız minlərlə Şəhid verdi, on minlərlə Qazi müqəddəs torpaq naminə sağlamlığını itirdi. Yüz minlərlə insan doğma torpaqlarından qovuldu, saysız-hesabsız qoca, uşaq vəhşicəsinə qətlə yetirildi. Amma Millət susmadı, Millət azadlığı, haqqı yolunda sona qədər çarpışdı.
1991-ci ilin oktyabrında Müstəqilliyimiz bərpa olundu. 20 Yanvar da daxil olmaqla bütün Şəhidlərimizin ruhuna ən böyük töhfə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Müzəffər ordumuzun 2020-ci ilin 27 sentyabrından başlanan və noyabrın 10-da düşmənin kapitulyasiyası ilə başa çatan 44 günlük qalibiyyətli müharibə, eləcə də ötən ilin sentyabrında işğal altında olan bütün torpaqlarımızın düşmən əsarətindən azad olunması ilə nəticələnən antiterror əməliyyatı oldu.
Azərbaycanın bütövlüyünün bərpa edilməsi kimi şərəfli vəzifəni yerinə yetirən, adını Vətənimizin tarixinə qızıl hərflərlə yazan Prezident İlham Əliyev və onun rəhbərlik etdiyi ordu Şəhidlərin ruhuna Ümummili hörmət və qayğının Millətimiz üçün müqəddəs bir amal olduğunu dünyaya sübut etdi!