Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır
Rafiq Ismayilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
"Dental Clinic" stomatoloji mərkəzinin direktoru
Azərbaycan artıq uzun müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Azərbaycan oktyabrın 2-də başlayan və 5 gün davam etmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edərək 100-dən artıq ölkədən beş mindən çox nümayəndəni bir araya gətirib.
Azərbaycan 10 ildən artıqdır beynəlxalq kosmik ailənin üzvüdür və artıq bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Cənab İlham Əliyev Konqresdəki çıxışında Azərbaycanın ilk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini xatırladaraq bildirdi ki, belə bir mühüm tədbirin ölkəmizdə ikinci dəfə keçirilməsi bizim üçün böyük şərəfdir. Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.”
Azərbaycan müstəqil dövlət olaraq mühüm nailiyyətlərə imza atıb və bu proses davam edir. Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır. Son illər ərzində Azərbaycan inkişaf edərək beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dövlətimizin xarici siyasəti bütün ölkələrlə normal, bərabərhüquqlu əsaslanan münasibətlər qurmaqdan ibarət olub. Eləcə də, ölkəmiz beynəlxaqlq təşkilatlarla fəal əməkdaşlıq edir, dünyada etibarlı tərəfdaş kimi tanınır.
Konqres Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, texnoloji sahədə gələcək hədəflərin müəyyənləşdirilməsində də öz sözünü deyəcək. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması böyük uğurdur.