Nura həsr olunmuş ömür: Zamanın fövqündə dayanan alim və xanım ucalığı

Nura həsr olunmuş ömür: Zamanın fövqündə dayanan alim və xanım ucalığı

Nüşabə Abbasova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi

Akademik Zərifə xanım Əliyevanın ömür yolu haqqında düşünərkən, ilk növbədə insanın gözləri önündə sadəcə bir alimin deyil, eyni zamanda nəcib bir qadının, fədakar bir ananın və xalqına sadiq bir ziyalının obrazı canlanır. Aprel ayının 15-i təqvimdə sadəcə bir tarix deyil, həm də Azərbaycanın səhiyyə tarixinə adını qızıl hərflərlə yazdırmış, bütün ömrünü insanların gözlərinə nur bəxş etməyə həsr etmiş bir insanın anım günüdür. 

Onun həyatı Azərbaycan səhiyyəsinə verilmiş bir qurban deyil, əksinə, xalqın sağlamlığı naminə hər anı düşünülmüş, zəhmət və məhəbbətlə yoğrulmuş möhtəşəm bir fəaliyyət dastanıdır. Zərifə xanımın şəxsiyyətini xarakterizə edən ən mühüm amillərdən biri onun uşaqlıq illərində formalaşan mənəviyyatı idi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, onun həyat fəlsəfəsinin kökləri məhz o dövrün saf xatirələrinə, ailə tərbiyəsinə və xeyirxahlıq dərslərinə bağlı idi. Uşaqlığı məhəbbət və əziz xatirələr mənbəyi olan bu böyük insan, sonralar həmin məhəbbəti bütün xalqına paylayacaqdı.

Azərbaycan oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri əvəzsizdir. O, fəaliyyətə başladığı ilk illərdə ölkədə geniş yayılmış və bir çox insanın görmə qabiliyyətini itirməsinə səbəb olan traxoma infeksion xəstəliyinə qarşı qətiyyətli mübarizəyə girişmişdi. Bu mübarizə sadəcə kabinetlərdə deyil, birbaşa xəstəlik ocaqlarında, ağır şəraitdə aparılırdı.

Zərifə xanımın hazırladığı müalicə metodu o qədər effektiv idi ki, qısa müddət ərzində bütün respublikada tətbiq edilməyə başlandı və bu ağır bəlanın aradan qaldırılmasında həlledici rol oynadı. Lakin onun elmi maraqları yalnız traxoma ilə məhdudlaşmırdı. O, qlaukoma xəstəliyinin öyrənilməsi, görmə orqanının peşə patologiyaları, xüsusilə kimya sənayesi müəssisələrində çalışan insanların gözlərində yaranan problemlər üzərində dərin tədqiqat işləri aparırdı.

Akademikin doktorluq dissertasiyası və böyük tətbiqi əhəmiyyət kəsb edən əsərləri Azərbaycanda oftalmologiyanın elmi təməllərini möhkəmləndirdi. Təsadüfi deyil ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsində göstərdiyi bu müstəsna xidmətlərinə görə M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın alim kimi tarixə düşdü.

Zərifə xanımın elmi və pedaqoji fəaliyyətində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun xüsusi yeri var idi. O, burada çalışdığı illərdə gənc kadrların hazırlanmasına, həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsinə xüsusi qayğı ilə yanaşırdı. Milli kadr hazırlığı prosesi onun üçün sadəcə bir iş deyil, gələcək nəsillərə olan mənəvi borc idi.

Böyük alimin rəhbərliyi altında yetişən onlarla həkim bu gün də onun ənənələrini davam etdirir, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi isə onun arzularının və elmi irsinin ən uca məkanı kimi fəaliyyət göstərir. Onun elmi yaradıcılığı oftalmologiyanın ən müasir istiqamətlərini əhatə edirdi ki, bu da onu dünya şöhrətli alimlər sırasına yüksəltmişdi.

Zərifə xanım Əliyeva haqqında deyilən fikirləri, yazılan əsərləri ümumiləşdirsək deyə bilərik ki, Zərifə xanım təkcə bir alim, şəfqətli ana kimi deyil, həm də böyük bir ictimai xadim kimi tanınırdı. Onun ictimai fəaliyyəti, xüsusilə kimsəsiz uşaqlara göstərdiyi səmimi qayğı, insanların dərdinə şərik olması onun humanizminin ən bariz göstəricisi idi.

Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edirik…