Novruz ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Novruz ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Gülnarə Hənifəyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri 

Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. 

Çox qədimdən türk xalqı təbiətin oyanmasına xeyirin şər üzərindəki qələbəsi kimi baxıb və qələbələrinə sevinmiş, bayram etmişlər. Həmin günü Novruz - Yeni gün adlandırmışlar. Bu günün 5 min ildən çox yaşı var. Türk dünyasının tarixi dastanı kimi şöhrət qazanmış “Ergenəkon” da deyilir ki, çox güclənmiş Göytürk dövlətindən qorxan qonşu dövlətlər birləşərək Göytürk dövlətini məğlub edir, çoxlu sayda əsir götürürlər. Əsirlər Kayan və Nukuzur rəhbərliyi ilə əsirlikdən azad olub dağların qoynunda məskən salırlar. Buranı Ergenəkon adlandırırlar. 400 il burada yaşayan Göytürklər çoxalır, yer darlıq edir. Türklər Ergenəkondan çıxıb düşmənlərdən qisaslarını və torpaqlarını alır və bu günü “Yeni gün” adlandırırlar.

Bu bayram beş min ildir ki, Orta Asiyadan Anadoluya qədər Türk dünyasında bayram edilir. Bu günə Anadoluda “Sulatni Novruz”, “Mart dokuzu”, “Manisa Mesir günü”, “Ergenəkon bayramı”, “Bozqurd bayramı”, Azərbaycanda “Novruz”, “Bahar bayramı”, Qırğızıstanda “Nouruz”, Özbəkistanda “Navruz” və s. kimi eyni mənalı adla bayram edilir. Demək türk dünyasını Novruzsuz, Novruzu da türk dünyasız təsəvvür etmək mümkün deyil.

Novruza hazırlıq bir ay əvvəldən başlanır. Bu dövr dörd çərşənbəyə bölünür: Su, Od, Yel və Torpaq çərşənbələri. Birinci çərşənbədə qar, buz əriyir, su mənbələri təzələnir, çoxalıb aşır-daşır, İkinci çərşənbədə Günəş torpağı qızdırır, Üçüncü çərşənbədə yel suyu və odu hərəkətə gətirir, Dördüncü çərşənbədə isə torpaq tam oyanır və insanlar yaz əkini mərasiminə başlayırlar.

Axır çərşənbə özündən əvvəlki çərşənbələrin görə bilmədikləri işləri görür, yəni qışın qovulmasını başa çatdırır, ağaclar puçur tökür, çiçəklənməyə başlayır. Bütün ailələrdə bayram süfrəsi açılır, 7 löyün xörək qoyulur: Səməni, sıyıq, səbzə, sumax, südlüaş, soğan, su və s. paxlava, şəkərbura, qoğal qoyulur, ailədə adambaşına şam yandırılır. Bu bayram həm də birlik bayramı adlanır. Demək bu gecə bütün ailə üzvləri birlikdə bayramı keçirməlidilər. İnsanlar bir-birini təbrik edir, xoş əhvali- ruhiyyə arzulayırlar, gülür, oynayır, şənlənirlər. Bu bayram həm də humanistliyinə görə başqalarından seçilir. Bu bayramda bəxtini sınama da keçirilir. “Dinməz suyu” – “Lal suyu” adətləri də var. Çərşənbədə axar su üstündən, od üstündən hoppanmaqla köhnə günahlarından təmizlənmək məqsədi güdür. Bu bayramlarda qapı pusqusu, papaq atma da olur. Bu bayram günündən evdən pul, əlcək, un, çörək, od çıxarmaq olmaz. Xalqımız əsrlərdir ki, bu adətləri qoruyub saxlayır. Ona görə də bayramdan əvvəl bütün hazırlıqları görürlər.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunan  bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü”elan olunub.

Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.