Nizami Eminov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktor müavini
Beynəlxalq məsələləri diqqətli izlədikdə görünən əsas gerçək odur ki, "beynəlxalq hüquq" deyə bir reallıq yoxdur. Bu sadəcə bir əfsanədir. Yaxud bəzən öz gücünü göstərən bəzən isə ən lazımlı anda ortalıqda görünməyən bir əfsanədir. Dünyada xeyli ölkələr işğaldan əziyyət çəkir və bu məsələnin həllində beynəlxalq hüquq işləmir. Oturub nə vaxtsa haqqın ədalətin öz yerini tapacağını gözləmək isə odunun meyvə verməsini gözləmək kimi bir şeydir.
Azərbaycan beynəlxalq hüququn gücü çatmadığı halda ədaləti və tapdalanmış hüquqlarını öz gücü ilə bərpa etdi. Bununla da, BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad etdi. Belə bir çətin və şərəfli işin icrası üçün uzun yol qət edilmişdir. Ümummilli Lider Heydər Əliyevin başlatdığı bu şərəfli yol, Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi.
Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını başqa bir yol ilə, yəni müharibə yolu ilə geri qaytaracaq. Çox güman ki, Ermənistan baş naziri bütün bunları önəmsiz hesab edibmiş, ona görə hər yerdə boş bəyanatlar verməklə öz ölkəsini daha da betər vəziyyətlərdə qoydu. Azərbaycan "beynəlxalq hüquq"un illər ərzində qura bilmədiyi haqq-ədalət divanını qurdu və cəmi 44 gün ərzində ədalətin öz yerini tapmasını təmin etdi. "Dəmir yumruq" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi.
Müzəffər Ordumuz ermənilərin ianələr hesabına uzun illər ərzində qurduqları müdafiə istehkamlarını və “məğlubedilməz erməni ordusu” mifini məhv etdi. Şanlı Ordumuzun bizə qazandırdığı tarixi Zəfər regionda yeni reallıq yaratdı.