Vətən sevgisi hər bir gəncin qəlbində olmalıdır

Vətən sevgisi hər bir gəncin qəlbində olmalıdır

Həvva Məmmədəliyeva

Dövlət İqdisad Universitetinin II kurs tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

İlk olaraq, biz gənclərə ayırılmış diqqət üçün, bizi daha da ruhlandırdığınız üçün təşəkkürümü bildirirəm. Mən də bir gənc olaraq həm öz adımdan, həm də gənclərimiz adından bu gün yazmaq istədim.

Bildiyimiz kimi, bu gün cəmiyyətin böyük bir hissəsini təşkil edən gənclər ölkəmizin gələcək həyatında da çox önəmli rol oynayır. Çünki gənclər bir millətin tərəqqisinin əsas aparıcı qüvvəsidir. Ölkəmizdə biz gənclərə xüsusi diqqət və qayğı göstərilir. Məhz 2 fevral- Azərbaycan Gəncləri Günü də bu diqqətin bariz nümunəsidir. Bu tarix Ümumilli Lider Heydər Əliyevin 1997-ci ildə verdiyi qərara əsasən təsis edilib. Hər il bu günlə bağlı bir çox tədbirlər təşkil olunur və bu tədbirlər biz gənclərin öz məsuliyyətini, cəmiyyətdəki rolunu daha yaxşı dərk etməyi üçün bir fürsətdir.

Mən bir gənc olaraq, təhsilimə böyük önəm verirəm. Ancaq inkişaf təkcə akademik biliklərlə məhdudlaşmır. Bununla yanaşı mən öz şəxsiyyətimi də formalaşdırmalı, düşüncələrimi genişləndirməliyəm. Həmçinin bir gənc olaraq, milli-mənəvi dəyərlərimi qorumağın vacibliyini də anlayıram. Dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi, tariximizi bilmək və qorumaq biz gənclərin borcudur. Çünki keçmişimizi bilmədən düzgün gələcək qura bilmərik. Milli-mənəvi dəyərlərimiz bizi həm vətənpərvər, həm bilikli, həm də məsuliyyətli insan kimi formalaşdırır.

Vətən sevgisi hər bir gəncin qəlbində olmalıdır, bəli. Amma bu təkcə sözlə deyil, əməllə sübut olunmalıdır. Biz gənclər olaraq, bacardığımız qədər vətənimizə töhfə verməliyik. Bəs bunun üçün nə etməliyik? Təbii ki, dəyərlərimizi qorumaqla, seçdiyimiz sahədə uğurlu olmaqla ölkəmizin inkişafına töhfə verə bilərik. Məsələn, həkimlərimiz sağlam cəmiyyət yaradır, müəllimlərimiz gələcək nəsli yetişdirir.

Biz tarix boyu torpaqlarımızı, tariximizi qorumaq üçün mübarizə aparmış bir xalqıq və bu ruhu da qorumalıyıq. Uğursuzluq, ruhdan düşmək bizə yaraşmaz. Mən bir gənc olaraq, gələcəyə ümidlə baxıram, çünki gələcəyin qurucuları bizlərik. Hər birimizin məqsədləri var və biz bu məqsədlərimizə nail olacayıq. Mən buna inanıram. Əziz gənclər, heç vaxt ruhdan düşməyin.

Unutmayın ki, gənclik səhvlər etmək və səhvlərimizdən dərs çıxartmaq dövrüdür. Səhvlərimiz olacaq, çətinliklərimiz olacaq, amma biz bacaracayıq. Mən bu gün həm öz adımdan, həm də gənc dostlarım adından əminliklə söz verə bilərəm ki, biz hansı sahədə olmağımızdan asılı olmayaraq öz uğurlarımızla, gücümüzlə ölkəmizin gələcəyini daha da gözəlləşdirəcəyik.