Gülər Osmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, bilikli, savadlı olsunlar. Vətən sevgisi ilə böyüsünlər." Ali Baş Komandan İlham Əliyev
Vətən - necə də doğmadır bu söz. Hər bir insanın doğulduğu evdir, ocaqdır Vətən. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətənpərvərlik hissi körpə yaşlardan aşılanmalıdır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, xəmirimiz vətənə məhəbbət hissi ilə yoğrulmalıdır.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik hissi yüksək olan xalqın qarşısında heç bir qüvvə dura bilməz. Bu ruhda tərbiyə olunan gənclər yetişirsə demək ki, basılmaz Vətən. İkinci Qarabağ müharibəsi bunun sübutudur. Vətən adı gələndə şir ürəkli, cəsarətli oğullar düşmən üzərinə ildırım kimi şığıdılar, layiqincə cavabını verib hər çalınan qələbədən güc aldılar. Atıldılar bu cəbhədən o cəbhəyə, səngərləri yara-yara, istehkamlar qıra-qıra, son anadək, son nəfəsdə can verərək Vətən deyib şəhadətə ucaldılar.
Bizi birləşdirən, sevə-sevə haqq yolunda savaşmağa çağıran,bir millət kimi sıx birləşdirən bir sevgi var adı Vətən, ruhu Vətən, özü Vətən. Müzəffər Ordumuzun qalib gəldiyi bu müharibə əsl vətənpərvərlik meydanına çevrilmişdi. Bu müharibə igidlərimizin şücaətini, milli vətənpərvərlik ruhunun yüksək olduğunu, bayraq sevgisini, dövlətçilik ideyalarını parlaq şəkildə nümayiş etdirdi. Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, Qarabağın işğaldan azad edilməsi və yenidən nəfəs verərək dirçəldilməsi hər bir Azərbaycan vətəndaşı və gənci üçün böyük vətənpərvərlik nümunəsidir, vətənpərvərlik məktəbidir.
Bu gün məktəblərdə tədris olunan bütün fənlərdə, xüsusilə humanitar fənlərin tədrisində ən başlıca məqsəd vətənpərvərlik tərbiyəsinin aşılanmasıdır. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş igidlər, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançılar, Azərbaycanı dünyada tanıdan alim və yazıçılar şagirdlər üçün əsl vətəndaş örnəyidir. Vətəni sevmək, Azərbaycanı sevmək azərbaycançılıq hissiyatını, vətənpərvərlik tərbiyəsini özündə birləşdirmək deməkdir. Təməlində vətənpərvərlik ruhu yüksək olan bir xalqın gələcəyinin daha parlaq qələbələrindən xəbər verir.